AZ

Vizalar niyə gecikir?

Vətəndaşlar viza prosesinin uzanması ilə bağlı narazılıq edirlər. Bir çox hallarda müraciət edildiyi tarixdən həftələr, hətta aylar keçsə də, vizanın verilib-verilmədiyinə dair heç bir cavab gəlmir. Bu isə səyahət planlarının pozulmasına, maddi və vaxt itkisinə səbəb olur. Turizm şirkətlərindən birinin nümayəndəsi Metbuat.az-a açıqlamasında bildirib ki, yay və bayramlar zamanı vizalar gec çıxır və bu, normaldır. Hazırda bu vəziyyət dünyanın bütün yerlərində eynidir. O, vizaların gecikməsinin əsas səbəblərini sadalayıb: “Əsas səbəb odur ki, işçi azlığı var, işləmək istəyən azdır. Bundan başqa, bəzi səfirliklər görüş yerlərini 2-3 həftəlik müddətə açır. Bəzi səfirliklər isə 6 ay əvvəldən sistemləri açır (bu, təbii ki, daha yaxşıdır). İnsanlar da hər şeyi son ana qədər saxlayırlar. Sənədləri və qəbulu gecikdirən insanlar turizm şirkətlərinə (xüsusilə təcrübəlilərə) servis haqqı verməyib, sənədləri düzgün yığmırlar”. Ekspert qeyd edib ki, hazırda səfirliklərdə yalnız turist vizalarına baxılmır, həmçinin tələbə vizaları, leqallaşdırma və digər məsələlərə də baxılır. Buna görə də oradakı sənəd yüklənməsi fiziki olaraq həddindən artıqdır. “Üstəlik, insanlar bilməlidirlər ki, əgər avqustda uçurlarsa, ondan əvvəl uçan şəxslərə, sənədi hansı tarixdə təqdim etməyindən asılı olmayaraq, üstünlük verilir. Təbii ki, istisnalar olur. Elə hallar olur ki, viza 2 günə də verilir, 45 günə də”. Mütəxəssis Avropaya gedənlərin sayının artdığını da söyləyib: “Türkiyə çox bahadır. Bəzən özümüz turisti fərqli ölkəyə yönləndiririk. Türkiyəyə 3-5 min dollar verməkdənsə, Avropaya getmək daha məntiqlidir. Bu da süni olaraq viza prosesini gecikdirir. Qısacası, yay və bayramlar hər il bu cür keçir. Burada şikayət ediləsi bir şey yoxdur. Sadəcə belə ölkələrin Xarici İşlər Nazirliklərinə və ya səfirliklərinə rəsmi müraciət edib sistemlərin 6 ay əvvəldən açılmasını istəyə bilərik, məsələn, Fransada olduğu kimi. Əgər kimsə qışda, Yeni ildə plan qurursa, indidən yer götürməlidir (Fransa, İspaniya, Portuqaliya, Niderland, Belçika və s. üçün). Çünki artıq oktyabr ayı üçün belə həmin ölkələrə yerlər yoxdur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
44
50
metbuat.az

10Mənbələr