AZ

Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...


Azərbaycanın sərmayə və bərpa imkanları Suriyanın uduşuna çevrilə bilər...

Azərbaycanın enerji ixracatçısı kimi dünya enerji bazarında mühüm rol oynaması beynəlxalq miqyasda qəbul olunan həqiqətdir. Qlobal enerji təhlükəsizliyi və regionlararası əməkdaşlığın dərinləşdiyi bir dövrdə Azərbaycanın qaz ehtiyatlarının Yaxın Şərqə, xüsusən də Suriyaya nəqli məsələsi isə indi həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır.

Azərbaycan artıq Cənubi Qafqazda və Avropada özünü etibarlı qaz təchizatçısı kimi təsdiqləmiş bir dövlətdir. Suriyanın enerji sahəsindəki ehtiyacları və Azərbaycanın artan ixrac potensialı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq imkanlarını gündəmə gətirir.

Qeyd edək ki, prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü rəhbəri Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşündə digər məqamlarla yanaşı, iki ölkə arasında enerji, o cümlədən təbii qaz sahəsində əməkdaşlıq da xüsusi diqqət mərkəzində yer alıb. Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb. Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini deyib. Xatırladaq ki, Suriya illərdir davam edən vətəndaş müharibəsi səbəbindən infrastruktur baxımından ağır itkilərə məruz qalıb. Ölkənin elektrik enerjisi, su təchizatı və təbii qaz infrastrukturu qismən və ya tamamilə sıradan çıxıb. Suriyanın daxili qaz hasilatı azalıb və enerji idxalına ehtiyacı artıb. Ölkənin bərpa prosesinə keçdiyi bu mərhələdə sabit xarici qaz təchizatına ehtiyac aktualdır. Azərbaycanın təbii qaz ehtiyatları və regionda qaz ixracı üzrə formalaşmış logistik imkanları Suriyanın enerji ehtiyaclarının bir hissəsini ödəyə biləcək strateji resurs kimi çıxış edir. Bu, Azərbaycanın enerji diplomatiyasına da yeni istiqamət verir. Azərbaycan qazının Suriyaya çatdırılması üçün bir neçə nəqliyyat marşrutu mövcuddur və hər biri spesifik texniki və siyasi şərtlər tələb edir. İndilikdə bu qaz Türkiyə üzərindən suriyaya nəql oluanacaq. Hazırda TANAP vasitəsilə Azərbaycan qazı Türkiyəyə və Avropaya çatdırılır. Türkiyə və Suriya arasında münasibətlərin normallaşması fonunda həmin boru kəmərindən axan qaz Suriyaya da çatacaq.

Azərbaycan bu prosesi təkcə iqtisadi qazanc deyil, həm də regional sabitliyə töhfə verən enerji diplomatiyası vasitəsi kimi dəyərləndirə bilər. Suriyaya qaz təchizatı yalnız iki ölkə arasında deyil, həm də Yaxın Şərq regionunda etimad və əməkdaşlıq mühitinin bərpasına xidmət edir.

Azərbaycan üçün bu layihə yeni qaz bazarına çıxış deməkdir. Bu, təkcə ixracın həcminin artması deyil, həm də Yaxın Şərqdə enerji bazarına nüfuz anlamı daşıyır. Suriyaya qaz nəqli eyni zamanda azərbaycanlı şirkətlərə ölkənin enerji sektorunda bərpa layihələrində iştirak imkanı yarada bilər: xüsusilə qaz infrastrukturunun yenilənməsi, elektrik stansiyalarının tikintisi və texniki dəstək sahəsində. Suriyanın da bu əməkdaşlıqdan qazancı az olmayacaq. Etibarlı, uzunmüddətli qaz təchizatı ölkənin iqtisadi dirçəlişi və sosial sabitliyi üçün vacib amildir. Bundan əlavə, Azərbaycanla əməkdaşlıq Suriyanın regional enerji layihələrinə inteqrasiya olmasına imkan yaradacaq. Azərbaycanın qazının Suriyaya nəqli gələcəkdə regional sabitlik və siyasi normallaşma fonunda reallaşa biləcək strateji layihədir. Bu təşəbbüs yalnız enerji təchizatı baxımından deyil, həm də Azərbaycanın Yaxın Şərqdə artan rolu, enerji diplomatiyasının güclənməsi və regional əməkdaşlıq modelinin genişlənməsi baxımından önəm daşıyır. İndilikidə Azərbaycanın Türkiyə ilə möhkəm enerji tərəfdaşlığı Suriyaya qaz nəqlində əsas açar rolunu oynayır. Bundan əlavə, Azərbaycanın humanitar yardım və iqtisadi bərpa layihələrində iştirakı, Suriyaya qaz ixracını yalnız kommersiya layihəsi deyil, həm də sülh və sabitlik təşəbbüsü kimi təqdim etməsinə imkan verir. On iki illik fasilədən sonra Azərbaycanın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi münasibətlərin bərpasında mühüm addım hesab olunur. Dəməşq qəbul edir ki, Azərbaycan hazırda Suriyada böyük ehtiyac duyulan investisiya imkanlarına və infrastruktur quruculuğunda yaxşı təcrübəyə malikdir. Eyni zamanda, Türkiyə və İsraillə yüksək səviyyədə olan münasibətlər də Azərbaycanın gələcəkdə Suriyanın bərpasında və bütövlükdə Yaxın Şərqdə gedən proseslərdə aktiv rol alacağını deməyə əsas verir. Hadisələrin inkişaf axarı Suriyanın özünün də qarşısında yeni inkişaf mərhəsləsinin başlandığını göstərir və prosesdə Azərbaycan da bu ölkəyə lazımi dəstək nümayiş etdirəcək. Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib və keçmiş prezident Rusiyaya qaçıb. Əsəd devrildikdən sonra Əhməd əş-Şaraa Suriyanın keçid prezidenti olub. İndi onun qarşısında Suriyanın yenidən qurulması məsələsi dayanır. Azərbaycan bu məsələdə Suriyaya müvafiq dəstək verir.

Ramil QULİYEV

Seçilən
4
baki-xeber.com

1Mənbələr