Artıq dörd-beş ildir ki, subbakalavrların ali məktəblərə qəbulu imtahansız həyata keçirilir. Ötən il bizdə 5000-dən çox subbakalavr ali məktəblərə qəbul olunub. Onların ali məktəblərə imtahansız qəbulu həmin təhsil müəssisəsində çox böyük problem yaradır. Çünki onlar işləyən insanlardır və tədris prosesində iştirak edə bilmirlər. Həmçinin onların tədris prosesində hansısa nəticə göstərməsi olduqca çətin olur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bəzi ali məktəblər subbakalavrların qəbulundan imtina edirlər: “Abituriyentlər qəbul imtahanında 201-dən çox bal toplayırlarsa, onlar subbakalavrların üstünlüyü səbəbilə qəbul olurlar. Qalan boş plan yerlərinə isə hər bir subbakalavr 200 bal, ya da 150 bal toplamaqla uyğun ixtisasa yerləşdirilir. Bütün bu subbakalavrların sayı qədər qəbul həyata keçirilir və onların çox qəbul olunduğu ali məktəblər şikayət edirlər. Müsabiqə təkcə abituriyentlərin deyil, həm də ali məktəblər arasında gedir. Çünki onlar istəyir ki, yüksək nəticə göstərən abituriyent onları seçsin”.