AZ

Türkiyə hərbi bazası, NATO-ya üzvlük: Bakı hansı yolu seçəcək?

Son dövrlərdə bölgədə baş verən geosiyasi proseslər, xüsusilə Türkiyənin regional rolu və Azərbaycanla hərbi-strateji əməkdaşlığının dərinləşməsi müəyyən sualları gündəmə gətirir. Bu kontekstdə Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması ehtimalı və ölkəmizin NATO-ya mümkün üzvlüyü ətrafında müxtəlif fikirlər səsləndirilir. Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması ehtimalı nə dərəcədə realdır? Bəs ölkəmiz NATO-ya üzv ola bilərmi?
 
Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Azərbaycanın geosiyasi mövqeyi və balanslı xarici siyasəti fonunda Türkiyənin hərbi bazasının ölkədə yaradılması ehtimalı strateji və diplomatik mülahizələrlə məhdudlaşır. 
Onun sözlərinə görə, belə bir bazaya ehtiyac yoxdur və mövcud hərbi əməkdaşlıq kifayət qədər effektivdir:
 
“Azərbaycan və Türkiyə arasında imzalanmış Müttəfiqlik Bəyannaməsi qarşılıqlı hərbi yardımı təmin edir, bu isə daimi bazanın yaradılmasını lüzumsuz edir. Hər il keçirilən birgə təlimlər iki ölkə arasında hərbi koordinasiyanı gücləndirir və regional sabitliyə töhfə verir. Bu əməkdaşlıq Qafqazda güc balansının qorunmasında mühüm rol oynayır”. 
 
Siyasi şərhçi onu da diqqətə çatdırıb ki, Azərbaycanın NATO ilə münasibətləri tərəfdaşlıq çərçivəsində inkişaf edir, lakin üzvlük prioritet deyil. NATO ilə əməkdaşlıq 1994-cü ildən etibarən Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində davam edir:
 
“Azərbaycan NATO əməliyyatlarında, xüsusilə Əfqanıstan və Kosovoda sülhməramlı missiyalarda iştirak edib. Bu, Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə töhfəsini göstərir. Lakin NATO-ya üzvlük məsələsi Azərbaycanın regional balans siyasəti ilə uzlaşmır.  Azərbaycanın müstəqil və bloklara qoşulmayan siyasəti bu kontekstdə strateji üstünlük yaradır. NATO ilə əməkdaşlıq davam etsə də, üzvlük məsələsi hazırkı mərhələdə aktual deyil. Bu yanaşma həm daxili sabitliyi qoruyur, həm də regional güclərlə münasibətləri tarazlaşdırır. Azərbaycanın xarici siyasəti praqmatik və çoxvektorlu qalmaqda davam edir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
61
50
moderator.az

10Mənbələr