Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin birinci yarımilində əlilliyi olan 19 min 700 uşağa reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 13 min 600-ü ambulator, 1000-i stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Həmin kateqoriyadan olan uşaqlar agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.