AZ

Almaniya Ukraynaya “Patriot” verməyəcək

Almaniya

Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemləri kifayət qədər olmadığı üçün onlardan Ukraynaya verə bilməyəcək.

Reyting.az
xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “Financial Times”a müsahibəsində deyib.

Pistorius qeyd edib ki, Almaniya artıq 12 “Patriot” sistemindən 3 ədədini Ukraynaya verib və Almaniyada cəmi 6 ədəd qalıb.

Nazir izah edib ki, daha iki sistem Polşaya təhvil verilib və ən azı biri texniki xidmət və ya təlim səbəbindən həmişə əlçatmazdır.

"Bu, həqiqətən, çox azdır, xüsusən də nail olmalı olduğumuz NATO-nun potensial məqsədlərini nəzərə alsaq. Biz daha çoxunu təmin edə bilmərik", - Pistorius əlavə edib.

Qeyd olunur ki, almaniyalı nazir ABŞ-a səfər etməyi planlaşdırır. Bu səfər zamanı o, amerikalı həmkarı Piet Heqsetlə görüşəcək. “Patriot”un Ukraynaya çatdırılması onların danışıqlarının mövzularından biri olacaq. Xüsusilə, Pistorius Almaniyanın Ukrayna üçün ABŞ-dan 2 ədəd “Patriot” sistemi alması ilə bağlı ötən ay Heqsetə verdiyi təklifi müzakirə edəcəyini bildirib.

Məlum olduğu kimi, Almaniya kansleri Fridrix Merz Ukrayna üçün ABŞ-dan “Patriot” sistemləri almağa hazır olduğunu təsdiqləyib.

Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski Almaniya və Norveçin Ukrayna üçün 3 ədəd “Patriot” zenit-raket kompleksi almağa artıq hazır olduqlarını bildirib.

Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Ukraynaya müxtəlif növ silahlar, o cümlədən “pulu tam ödəniləcək” “Patriot” göndərmək niyyətində olduğunu təsdiqləyib.

E. KAMAL
Seçilən
11
reyting.az

1Mənbələr