AZ

Maşın bazarının qəhrəmanı

Türkiyədə xürrəmilər hərəkatının başçısı, sərkərdə Babək haqda teleserial çəkiləcəkmiş, lakin deyir ərəb iş adamları etiraz edib, buna görə serialın kitabı bağlanıb. İnandırıcıdırmı? Çağdaş Türkiyə üçün, əlbəttə. Orda artıq millətçilər Apo ilə qolboyun dolaşır, Babəkin kinosunu ərəb biznesmenlər niyə şaqqalamasınlar?

Prinsipcə, biz özümüz də türkiyəli qardaşlarımızdan çox fərqlənmirik. Bizim patriotizm hap-gopumuz çox vaxt konkret işə gəlib çatanda sükuta qərq olur. Misal üçün, arada az qala Rusiyanı diz çökdürmüşdük, lakin həmin günlər Bakıda vətəndaşlardan soruşmuşdular, hamısı deyirdi rus sektoru məktəbdə mütləq qalmalıdır. O cümlədən, rus sonluqlu soyadlarımızı dəyişdirməyin də mənası, sən demə, yox imiş.

Bəs nəyin mənası var? Onda elə qayıdaq imperiyanın bayrağı altına da bə. Tək soyad sonluğu azdır, adımızı da İvan, Petya, Nataşaya çevirək.

Belə çıxır hamı o vəziyyətdən razı imiş. Heç olmazsa imperiya olanda mənim kasıb bibim oğlu kimi adamlar gedib Kamçatkada əsgərlik çəkirdilər, ömürləri boyu görə bilməyəcəkləri yerlərdən xəbərdar olurdular.

Sözgəlişi, məntiqlə Babəkin bəxti elə SSRİ vaxtı gətiribmiş, ən azı adına baxılası bir kino qalıb. Bütün pafosu, epikliyi ilə rejissor Eldar Quliyevin 1979-cu ildə çəkdiyi “Babək” filmi bir əlin barmaq sayı qədər olan maraqlı filmlərimizdən sayılır. Əlbəttə, Rasim Balayevin, Həsənağa Turabovun, Amaliya Pənahovanın, Muxtar Maniyevin yaratdığı obrazlar da gözəldir. Yaxşı ki, o vaxt bu film çəkilib, yoxsa indi gözümüz Anadoluda qalmışdı, ora da ərəb şeyxləri senzura tətbiq edəcəkmiş. Tarixin ironiyasıdır bəlkə də, tarixi Babəki ərəblər elə türk sərkərdələrinin hesabına məğlub edə bilmişdilər. (Ümumiyyətlə, islamı dünyaya türklər yayıblar, prinsipcə. O cümlədən, əgər Babək hələ kövrək olan islam üzərində qələbəsini möhkəmləndirə bilsəydi, təsəvvür etmək çətindir ki, bəşər tarixi hazırda hansı istiqamətə yönələrdi).

Burada bir haşiyə də çıxım, Babəkin adından bizə həmişə çatdırılan o məşhur aforizmdə əslində “azadlıq” kəlməsi yoxdur. Orijinalı, tarixi salnamədən (Təbəri, ya da İbn əl Əsir olmalıdır) gəlib bizə çatanı belədir: “Qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır”. Bizə isə adətən belə öyrədilir ki, guya Babək bir gün azad yaşamağı qırx il köləlikdən üstün bilib. Ağa kimi yaşamaq hələ azad yaşamaq deyil. Mənim qənaətimcə, ağalıq ümumiyyətlə azadlıqdan uzaq anlayışdır, çünki ağa, rəhbər əslində öz rəiyyətinin, təbəələrinin quludur. Əsl azadlıq üçün ağalıq anlayışı yox olmalıdır.

İndi Türkiyəni tənqid eləmək asandır, ancaq gəlin özümüzə baxaq. Bakıda Babəkin heykəli yoxdur. Halbuki, hələ uzaq 2011-ci ilin sentyabrında prezidentin sərəncamı var. 14 ildir sərəncam yerinə yetirilmir, cavabdeh kimdir, məlum deyil. Bəlkə buna da ərəb turistlərimiz mane olublar?

Babək prospektinin yüksək nöqtələrindən birində hətta postament də yarıyacan tikilib. Heykəlin bəzi hissələri bürüncdən tökülüb və hardasa anbardadır. Lakin heykəltəraş bu müddəti gözləməyə dözməyib ölüb.

Ümumiyyətlə, “Babək prospekti” deyəndə orta statistik azərbaycanlının ağlına hansısa qəhrəmanlıq, patriotizm, cəsarət-filan gəlmir. Bəs nə gəlir? Ay sağ olasınız: maşın bazarı! Ya da hansısa mebel və ya bambılı şadlıq sarayı. Çünki ya zəlzələdən, ya vəlvələdən, Babəkin adı qoyulan prospektdə de-fakto hansısa bir insan adresi yoxdur. Nabələd adam olsa elə zənn edər ki, Babək yəqin maşın alverçisi olub, qədimdə Bəzz qalasının ətrafında Formula-1 yarışı düzənləyirmiş. Ya da mebel salonu açıb, ərəblərlə işləyirmiş.

Seçilən
15
6
musavat.com

10Mənbələr