AZ

“Kəpəz”də çalışdığım müddətdə bir qəpik də pul almadım” - Erkin İbrahimovdan şok açıqlamalar

Artıq neçənci dəfə yazıya “Qara buludlar yenə “Kəpəz”in başının üzərini aldı” ifadəsiylə başlamağa məcburam.

İş adamı Namiq Qədirov klubun Müşahidə Şurasının sədri seçiləndə Gəncə təmsilçisinin çətin günlərdən qurtulduğunu düşünənlər var idisə, indi onların sayı xeyli azalıb. Və “Kəpəz”in yağışdan çıxıb yağmura düşdüyünü bildirirlər. Sən demə, nə qara bulud çəkilibmiş, nə də klubun parlaq gələcəyi üçün ciddi işlər görülürmüş. Düzü, bu, məhz bizim fərziyyəmiz deyil. Sadəcə, hadisələrin axarını diqqətlə izləyən gəncəli futbolsevərlər belə qənaətə gəlib.

Bəs niyə? İki aya yaxındı toy-bayram ab-havasında olan camiəni təngə gətirən, ümidsizliyə sürükləyən problem nədi?

Məlum olduğu kimi, hər şey “Kəpəz”i premyer-liqada saxlamağa müvəffəq olan baş məşqçi Azər Bağırovun istefasından sonra başladı. Azarkeşlər nə bu addımı birmənalı qarşıladı, nə də həmin posta başa çatan mövsümün əvvəlində uğursuz nəticələr səbəbindən komandadan ayrılan Adil Şükürovun təyinatını. Hər halda, “sarı-göylər”in idman məsələləri üzrə müşaviri Erkin İbrahimov o vaxt qəzetimizə geniş açıqlama verərək narahatlığa ehtiyac olmadığını, “Kəpəz”in premyer-liqada uğurlu çıxışı üçün işlər görüləcəyini, klubun akademiyasının futbolçu yetişdirmək üçün inamla fəaliyyət göstərəcəyini bildirdi. Ardından əsas komandada “yarpaq tökümü” başladı. Və bu durumun gəncəliləri məmnun etmədiyi gün kimi aydındı. Onlar hər fürsətdə narazılığını dilə gətirməkdən çəkinmir. Həmişə olduğu kimi... Amma...

Bu dəfə növbəti gözlənilməz xəbər yayıldı. Daha dəqiqi, Erkin İbrahimovun klubdan ayrıldığı iddia edildi. Əlbəttə, bilginin səhih olub-olmadığını öyrənmək məqsədilə Erkin bəylə əlaqə saxladıq. Ancaq əvvəlcə bir məqama toxunaq.

Srağagün saat 17.35-də “Report”da “Kəpəz”in Media və marketinq departamentinin direktoru Gəray Qiyasovun açıqlaması yer alıb:
“Erkin İbrahimov istefa verməyib. Getməyib, klubdadı”.
Maraqlıdı ki, Erkin bəy 18.05-də "Football-plus.az" verdiyi açıqlamada Gəray bəyin sözlərinin əksini dedi:
“Kəpəz”dən ayrılmışam. Əslində gecikmiş qərardı. Bu addımı klubun xeyri üçün atdım. Bundan sonra hansısa klubda işləməyəcəm. Çalışacağım klub ancaq “Kəpəz” ola bilər. Ancaq ora qayıtmayacam. Onu deyə bilərəm ki, “Kəpəz”də çalışdığım müddətdə bir qəpik də pul almadım. Nə maaş, nə də mükafat kimi. Kluba, sadəcə, kömək etdim. Mənə haqsızlıq edildimi? Hərənin öz haqq anlayışı var. Bu barədə söz oyunu etmək istəmirəm. Gedişimdən sonra “Kəpəz”də yaxşı işlər görülür. Artıq işartılar var. Ayrılığımın səbəbinə gəlincə, mən 100 faiz qane olacamsa, orda qalacam. Bu göstərici 99 faizdisə, qalmayacam. Qısası, öz istəyimlə ayrılmışam. Elə məsələlər var ki, orda güzəştə getmək olmaz. Başqa nəsə demək istəmirəm”.
Deyəsən, “Kəpəz”də rəhbər şəxslərin dəyişməsi gələcək üçün nəsə vəd etmir. Bəzi həmkarlarımız indidən Namiq Qədirovun yalnız əsas komanda üçün maliyyə ayıracağını, gəncəlilərin 6-7-ci yerlər uğrunda mübarizə aparmalı olduğunu, başqa sahələrə gözucu baxacağını, hətta istəyinə çatmasa, özünün də buranı tərk edəcəyini, elə Adil Şükürovun da fəaliyyətindən narazı qaldığını bildirir.

Belə getsə, “Kəpəz”i “lələ köçüb, yurdu qalıb” ifadəsiylə təsvir etməli olacağıq! Təbii ki, rəhbər şəxs iddialarda qeyd edildiyi kimi, “Kəpəz”də aləmi bir-birinə qatırsa, əsas komanda və akademiya ilə bağlı mövqeyini dəyişdiyini bildirirsə, əməkdaşların maaşını artırmaq əvəzinə onlara büdcənin azaldılacağıyla bağlı xəbərdarlıq edirsə, ciddi çaxnaşmalara səbəb olursa, bu qaçılmazdı.

Kim bilir, bəlkə Namiq bəy də çoxdan gedib. Sadəcə, Erkin İbrahimovun klubdan ayrıldığını ört-basdır etmək istəyənlər həmin xəbəri də gizlətmək eşqinə düşüb...

KƏNAN BAHADIR
Seçilən
128
football-plus.az

1Mənbələr