Sea Breeze

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində araşdırılması və əhalinin dövlət qurumlarına əlçatanlığının artırılması məqsədilə səyyar qəbullar davam etdirilir. Bu çərçivədə, 2025-ci il iyulun 11-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Nəsirvaz kəndində növbəti səyyar qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan icra başçısı ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların davamlı inkişafı və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunub, regionda yeni geosiyasi reallıqlar yaranıb. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, doğma yurdlarına qayıdan məcburi köçkünlər üçün müasir infrastruktur qurulur.

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilmiş görüşə toxunan icra başçısı bildirib ki, Zəngəzur dəhlizinin açılması bu danışıqlarda əsas prioritet istiqamətlərdən biri olub. Qeyd edilib ki, bu kimi görüşlər regionda dayanıqlı sülhün qurulması baxımından mühüm platforma rolunu oynayır. İcra başçısı belə təmaslar fonunda tarixi ədalətin bərpası, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlı soydaşlarımızın hüquqlarının müdafiəsi və onların doğma yurdlarına qayıdışının təmin olunması kimi məsələlərin beynəlxalq hüquq çərçivəsində tezliklə həll olunacağına əminliyini ifadə edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipial və qətiyyətli siyasi mövqe məhz bu strateji hədəflərin reallaşdırılmasına xidmət edir.

İcra başçısı həmçinin “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda reallaşdırılan layihələr barədə də məlumat verib. Vurğulanıb ki, rayonda mədən sənayesinin inkişafı, yol infrastrukturunun yenilənməsi və turizm potensialının səmərəli istifadəsi istiqamətində mühüm addımlar atılır. Həmçinin xalçaçılıq, ipəkçilik və konserv məhsullarının istehsalı sahəsində müəssisələrin yaradılması planlaşdırılır.

Görüşdə Ordubad şəhərinin baş planı barədə də məlumat verilərək bildirilib ki, bu plan çərçivəsində yeni yaşayış məntəqələrinin və müasir tipli mənzillərin tikintisi nəzərdə tutulur. Yaşıl şəhər konsepsiyasına uyğun olaraq müxtəlif mini parkların salınması, ağıllı kənd təsərrüfatı modelinin tətbiqi və “15 dəqiqəlik şəhər” konsepsiyasının reallaşdırılması da əsas hədəflərdəndir. Bu tədbirlər Ordubadın müasir, dayanıqlı və sakinlər üçün əlverişli şəhər mühitinə çevrilməsinə xidmət edəcək.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Yol infrastrukturunun yaxşılaşdırılması, sosial müdafiə və qoruq ərazisinin mühafizəsi ilə bağlı qaldırılan məsələlər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yerində araşdırılıb. Bir sıra problemlərin dərhal həlli ilə bağlı müvafiq tapşırıqlar verilib, vaxt və resurs tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti üzrə yönləndirilib. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ETX
ETX
ETX