AZ

“Sputnik”in ifşası: Jurnalistika arxasında təxribat?

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciətində "Sputnik Azərbaycan"ın jurnalistikadan çox casusluq və təxribat fəaliyyəti apardığını bildirib. Qurum agentliyin rəhbərlərinin FSB ilə əlaqəli olaraq saxlanıldığını vurğulayıb. "Sputnik"in bir sıra Qərb ölkələrində qadağan olunduğu xatırladılaraq, bu tip fəaliyyətlərin regional sabitliyə və beynəlxalq hüquqa təhlükə yaratdığı qeyd edilib. Mətbuat Şurası dünya mediasını bu cür hallara qarşı sərt mövqe tutmağa çağırıb.

Bu kimi media vasitəsilə aparılan casusluq fəaliyyətləri Azərbaycan-Rusiya münasibətlərinə və regional sabitliyə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:

" Məlumdur ki, Rusiyanın "Sputnik Azərbaycan" agentliyi qanunsuz fəaliyyətlə məşğul olub. Onun əsas rəhbər şəxsləri - baş redaktor və digər bir sıra əməkdaşlar Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edərək Azərbaycan ərazisində kəşfiyyat xarakterli tapşırıqları yerinə yetirib və casusluqla məşğul olublar. Bu isə Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması və eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinə ciddi zərbə vurulması deməkdir.
Azərbaycan bu kimi fəaliyyətləri ifşa edir, buna qarşı çıxır və eyni zamanda digər dövlətlərə mesaj verir ki, media adı altında Azərbaycanın milli maraqlarına zərbə vurmaq yolverilməzdir. Azərbaycan bu kimi fəaliyyətlərin hamısını nəzarətdə saxlayır. "Sputnik"in artıq digər dövlətlərdə də ifşa olunması faktı mövcuddur - Avropa İttifaqı ölkələrində, Kanadada və ümumilikdə 30-dan çox ölkədə onun fəaliyyəti qadağan edilib.
Azərbaycanda da onların fəaliyyəti yeni məsələ deyil. Buna qədər də "Sputnik" bir sıra ölkələrdə Rusiyanın dezinformasiya siyasətində fəal iştirak edib, Rusiya maraqlarına xidmət edən xəbərlərin paylaşılmasında və tirajlanmasında yaxından rol oynayıb. Bu isə Kremlin media adı altında maraqlarını dünyada şaxələndirməsi məqsədini daşıyır.
Bu fəaliyyət, bir tərəfdən "yumşaq güc" və Rusiya siyasətinin digər ölkələrdə tətbiqi kimi qiymətləndirilə bilər. Amma digər tərəfdən bu, daxili işlərə qarışmaq, ölkənin media resurslarına müxtəlif məlumatlar sızdırmaq və onları yaymaq məqsədi daşıyır. Bu baxımdan, "Sputnik"in bu cür fəaliyyətlərlə məşğul olmaması daha məqsədəuyğun olardı. Təəssüf ki, Rusiya-Azərbaycan münasibətlərinin zərbə almasına məhz bu kimi qurumlar da səbəb olub.
Media adı altında kəşfiyyat fəaliyyəti aparmaq beynəlxalq hüquq və regional sabitlik baxımından ciddi təhlükələr formalaşdırır, yeni təhdidlərə yol açır. Digər dövlətlər də "Sputnik"ə qarşı sərgilənən bu mövqedən nümunə götürərək bu cür fəaliyyətlərə qarşı daha diqqətli olmalı və onlardan çəkinməlidirlər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr