Xaçikyanın sülh prosesini hədəfə alan təxribatçı çıxışına cavab
Bir sıra erməni siyasi ekspertlər, politoloqlar var ki, onların fikirləri ilə tanış olduqda heyrətlənməmək olmur. Həmin ekspertlər İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra regionda yaranmış yeni reallıqları doğru-dürüst şərh etmək, hayları bu vəziyyətlə barışmağa çağırmaq, erməni cəmiyyətinə düşdüyü vəziyyətdən çıxış yolu göstərmək əvəzinə toplumu radikal mövqe tutmağa səsləyir, aranı qızışdırmağa çalışırlar. Sanki onlar xəyallar aləmində yaşayır, “fantaziyalar dəryaçası”na baş vurur, avantürist fikirlərlə, necə deyərlər, günlərini keçirirlər. Belələrindən biri də Artur Xaçikyandır.
Xaçikyan özünü “ABŞ-ın Stenford Universitetinin politologiya üzrə doktoru” kimi təqdim etməyi xoşlayır. Ancaq onun bütün günü İrəvanda keçir. Sağa-sola proseslərin gerçək mahiyyətini təhrif edən müsahibələr paylayır. Onun Azərbaycan və Ermənistan liderləri arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşlə bağlı “Nyus.am” saytına verdiyi geniş müsahibəsi də bu baxımdan istisna deyil. O deyib ki, Əbu-Dabidə heç bir sənəd imzalanmadı, çünki, Azərbaycanın digər gözləntiləri, digər tələbləri (?) var imiş. Həmin “gözlənti və tələblər”in nədən ibarət olduğunu açıqlayan Xaçikyan deyib ki, bunlar azərbaycanlıların geri qayıtması, İrəvanda azərbaycanlı icmasının yaradılması (?) və bəzi kilsələrin albanlaşdırılması (?) ilə bağlıdır.
Əvvəla, Əbu-Dabidə hansısa sənəd imzalanmamasının səbəbləri ilə bağlı qeyd etmək lazımdır ki, bunun baş verəcəyi heç gözlənilmirdi. Çünki rəsmi İrəvan Bakının iki legitim tələbini – ölkəmizə qarşı ərazi iddialarını özündə ehtiva edən konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılmasına dair təşkilatın katibliyinə birgə müraciət etmək məsələsini hələ də həyata keçirməyib. Yəni, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqlar bu ilin martında yekunlaşsa da, sənədin indiyədək imzalanmaması Ermənistanın bu iki şərti yerinə yetirməməsi səbəbindən baş tutmayıb. Bu mənada erməni politoloqun “heç bir sənəd imzalanmadı, çünki Azərbaycanın digər gözləntiləri var imiş” yanaşması, əslində, reallığı təhrif etməyə yönəlmiş klassik manipulyasiya nümunəsidir. Xaçikyan bununla danışıqların uğursuz keçdiyi görüntüsünü yaratmağa, bunu Azərbaycanla əlaqələndirməyə çalışır. Halbuki, Əbu-Dabi görüşü çox konstruktiv mühitdə keçib. Görüş zamanı Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib. Xaçikyanın mövqeyi isə girişdə qeyd etdiyimiz kimi, erməni cəmiyyətini çaşdırmağa xidmət edir. Onun yanaşması Ermənistan daxilindəki revanşist dairələrin mövqeyi ilə tam üst-üstə düşür. Yəni, sanki Nikol Paşinyan hökuməti güzəştə hazır idi, amma Azərbaycan son anda əlavə tələblər irəli sürüb. Halbuki İrəvanın qeyd etdiyimiz məsələdə konkret addımlar atması gərəkdir. Bu isə yalnız real iradə və qətiyyət tələb edir.
Başabəla politoloqun “azərbaycanlıların geri qayıtması”, “İrəvanda azərbaycanlı icmasının yaradılması” və “bəzi kilsələrin albanlaşdırılması” tələblərini göstərməsi reallıqdan uzaq, populist, auditoriyanı tovlamağa yönəlmiş təbliğat üsuludur. Bu məsələlər danışıqlar gündəliyində yer almayıb. Prosesdə hansı məsələlərin yer aldığını az öncə qeyd etdik. Azərbaycanlıların Ermənistana geri qayıtması məsələsi sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin tərkib hissəsi deyil. Lakin 1948–53-cü və 1987–1991-ci illərdə Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikası ərazisindən - red.) qovulmuş yüz minlərlə azərbaycanlının hüquqları bərpa olunmalıdır. Bu, beynəlxalq hüququn tələbidir. BMT-nin insan hüquqları üzrə konvensiyaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri və ATƏT-in Helsinki prinsipləri aydın şəkildə bildirir ki, zorla köçürülmüş şəxslər doğma yurdlarına qayıtmaq hüququna malikdirlər. Bu hüququn bərpasını “Azərbaycanın yeni tələbi” kimi qələmə vermək qərəzli yanaşmadır. Bu, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən yayınmaq üçün uydurulmuş arqumentdir.
İkincisi, “İrəvanda azərbaycanlı icmasının yaradılması” iddiası tamamilə absurddur. Azərbaycan tərəfindən belə bir tələb heç bir sənəddə, bəyanatda və ya beynəlxalq platformada səsləndirilməyib. Burada məqsəd Ermənistan cəmiyyətində qorxu və panika yaratmaq, guya, Azərbaycanın revanşist mövqedən çıxış etdiyi rəyini formalaşdırmaqdır. Əslində isə Azərbaycan tərəfi regionda uzunmüddətli sülh üçün etnik müxtəlifliyin tanınması və qarşılıqlı etimadın qurulması kimi humanitar prinsipləri daim gündəmə gətirib. Ermənistanda yaşayan azərbaycanlıların hüquqlarının tanınması beynəlxalq hüquq normalarının tələbi kimi səsləndirilib, amma bunu “İrəvanda icma yaratmaq” kimi təhrif etmək açıq təxribatdır.
Üçüncü məqam, yəni Xaçikyanın “bəzi kilsələrin albanlaşdırılması” barədə söylədikləri isə tamamilə tarixi saxtakarlığın və siyasi isterikanın təzahürüdür. Qafqaz Albaniyasına aid kilsələrin Azərbaycan mədəni irsi kimi qeydiyyata alınması UNESCO prinsiplərinə, tarixi mənbələrə və elmi arxeoloji araşdırmalara əsaslanır. Məsələn, Kiş (Şəki rayonu), Ləkit və Qum (Qax rayonu) kilsələrinin alban mənşəli olması bu gün dünya tarixşünaslığında qəbul edilmiş faktdır. Ermənilərin bu abidələri mənimsəməsi isə sovet dövründən başlayan planlı mədəni assimilyasiya siyasətinin nəticəsidir. Azərbaycanın bu məsələdə mövqeyi yalnız tarixi ədalətin və milli-mədəni irsin bərpasına yönəlib, heç bir dini və ya etnik qarşıdurma niyyəti daşımır. Xaçikyanın bu cür uydurmaları, əslində, Ermənistan daxilindəki müxalif radikal dairələrin “Paşinyanı Azərbaycanın istəklərinə boyun əyən lider” kimi göstərmək cəhdlərindən biridir.
Xaçikyanın Zəngəzur dəhlizi ilə bağlı müzakirələr fonunda “Türkiyə rəsmi olaraq Ermənistan ərazisinə daxil olub” fikri isə nonsensdir. Üstəlik, o, deyib ki, Türkiyə bölgədən heç yerə getməyəcək: “İndi bizim İranla da əlaqəmiz kəsilib (?). Dəhliz genişlənəcək və Azərbaycana inteqrasiya edəcək. Ermənistanın əhalisi tədricən buranı tərk edəcək. Erməni əhalisini azərbaycanlılar əvəzləyəcək. Bütün bu proseslər üçün seçkilərdə Paşinyana səs verən 680 min insanı və aciz, təşkilatsız müxalifəti təbrik edirəm”.
Onun Zəngəzur dəhlizi ilə bağlı “Türkiyə rəsmi olaraq Ermənistan ərazisinə daxil olub” fikri nə hüquqi, nə də siyasi reallıqla üst-üstə düşür. Bu cür bəyanatlar nonsens olmaqla yanaşı, Ermənistan ictimaiyyətində süni qorxu atmosferi yaratmaq, türkofobiya meyillərini gücləndirmək və revanşist dairələrin emosional dayaqlarını möhkəmləndirmək məqsədi daşıyır. Türkiyə bu gün Ermənistan ərazisində nə hərbi, nə inzibati, nə də siyasi baxımdan mövcuddur. Qardaş ölkənin regionda artan nüfuzu yalnız iqtisadi-ticari əməkdaşlığı və logistik şəbəkələr vasitəsilə özünü göstərir. Bu, normal geosiyasi prosesdir, “daxil olma” kimi təqdim edilməsi isə təxribatdır. Bu, həm də Azərbaycanın və Türkiyənin regional kommunikasiyaların açılmasına dair çağırışlarını təhlükə kimi qələmə vermək cəhdidir. Halbuki istər 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat, istərsə də sonrakı görüşlərdə Zəngəzur dəhlizinin açılması bölgədə ticarət dövriyyəsinin artımı, iqtisadi inteqrasiyanın gücləndirilməsi və gərginliyin azaldılması üçün müsbət addım kimi təqdim olunub. Ermənistanın öz iqtisadi blokadasını qırması üçün bu fürsəti sabotaj etmək əvəzinə dəyərləndirməsi daha rasional olardı.
Onun “İndi bizim İranla da əlaqəmiz kəsilib” sözləri isə növbəti dezinformasiyadır. Ermənistan–İran əlaqələri rəsmi olaraq davam edir, sərhəd açıqdır, energetika və yol infrastrukturuna dair razılaşmalar qüvvədədir. Əslində, Zəngəzur dəhlizinin açılması da İran–Ermənistan əlaqələrinə maneə deyil, əksinə, bölgədə alternativ ticarət yollarının çoxalması üçün platformadır. Bu fikirlərlə Xaçikyan Ermənistanın qonşularına qarşı süni düşmənçilik yaratmağa çalışır.
Ramiyə MƏMMƏDOVA,
politoloq
– Artur Xaçikyanın “Nyus.am”a müsahibəsində səsləndirdiyi fikirlər Ermənistan cəmiyyətində qorxu və xaos yaratmağa, Azərbaycanın sülh təşəbbüslərini təhrif etməyə xidmət edir. Onun Əbu-Dabi görüşünün nəticəsiz qalmasını Azərbaycanın “yeni tələbləri” ilə əlaqələndirməsi reallıqdan uzaq yanaşmadır. Azərbaycan tərəfi konkret və beynəlxalq hüquqa əsaslanan sülh prinsipləri təklif edir. Qovulmuş azərbaycanlıların geri qayıtması, tarixi irsin qorunması və nəqliyyat dəhlizlərinin açılması beynəlxalq normaların tələbləridir, şərt və ya təhdid deyil. Onun Zəngəzur dəhlizi ilə bağlı “Türkiyə Ermənistan ərazisinə daxil olub” fikri isə ağlasığmazdır. Məqsədi ölkədəki türkofob isteriyanı qızışdırmaqdır. “İrəvan azərbaycanlaşdırılır” kimi fikirlər isə etnik qarşıdurma çağırışıdır. Bu cür ritorika Ermənistanı regionda təcridə aparır. Əslində, Ermənistan real sülh prosesindən yayınmaq üçün bu kimi uydurma tezislərə sığınır və daxili auditoriyada süni “xarici düşmən” obrazı formalaşdırır. Bu isə sülh dövrü üçün zərərli yanaşmadır.
Səxavət HƏMİD
XQ