AZ

Marixuana ciddi ürək problemlərinə səbəb olur - Araşdırma

Son tədqiqatlar marixuana istifadəsinin ürək-damar sistemi üçün ciddi təhlükələr yaratdığını üzə çıxarıb.

"Unikal" "HealthDay" agentliyinə istinadən xəbər verir ki, marixuana ilə bağlı aparılmış genişmiqyaslı elmi araşdırmalar onun infarkt, insult və ölüm riskini əhəmiyyətli dərəcədə artırdığını göstərir.

Tədqiqat Fransa üzrə Toulouse Universitet Xəstəxanasının əməkdaşı Emilie Jouanjusun rəhbərliyi ilə aparılıb. 2016–2023-cü illər arasında keçirilmiş 24 müşahidəvi elmi araşdırma əsasında hazırlanmış bu meta-analizdə ümumilikdə 200 milyon nəfərin məlumatları nəzərdən keçirilib.

 Araşdırmanın nəticələrinə əsasən, marixuana istifadə edən şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski təxminən 2 dəfə yüksək olub. Onlarda həmçinin infarkt riski 29%, insult ehtimalı isə 20% daha çox müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, zərərin yalnız tüstüdən qaynaqlanmadığı, marixuananın əsas psixoaktiv komponenti olan THC-nin (tetrahidrokannabinol) damar sisteminə birbaşa mənfi təsir göstərdiyi ehtimal edilir.

“JAMA Cardiology” jurnalında yayımlanan başqa bir araşdırmada, marixuananı həm siqaret kimi, həm də qida şəklində qəbul edən şəxslərdə damar funksiyalarının 40-55% zəiflədiyi müşahidə olunub.

Daha geniş bir tədqiqat isə marixuana istifadə edən 50 yaşdan aşağı şəxslərdə infarkt riskinin 6 dəfə, digər ürək-damar fəsadlarının isə dəfələrlə çox olduğunu göstərib. Məlumatlara əsasən, istifadədən sonrakı ilk bir saat ərzində infarkt riski beş dəfə artır.

Tədqiqatçılar bildirirlər ki, son 15 ildə xüsusilə ABŞ-də gündəlik marixuana istifadəsi 35–50 yaşlılar arasında üç dəfə, 19–30 yaşlılar arasında isə dörd dəfə artıb. Lakin bu artıma baxmayaraq, ictimai sağlamlıq mesajlarında marixuananın ürək üzərindəki təsirləri kifayət qədər vurğulanmır.

 Alimlər marixuananın tamamilə qadağan edilməsini vacib hesab etməsələr də, siqaretlə eyni səviyyədə tənzimləmə, marketinqin məhdudlaşdırılması və sağlamlıq xəbərdarlıqlarının artırılmasını təklif edirlər. Onların fikrincə, istifadə etməyənləri qorumaq və marixuananın passiv təsirindən çəkinmək də ictimai sağlamlığın əsas hədəflərindən biri olmalıdır.

Seçilən
27
1
unikal.az

10Mənbələr