Ermənistanın Baş naziri Nikol Paşinyan və hakim Mülki Müqavilə Partiyasının yüksək vəzifəli şəxsləri ötən gün axşam saatlarında Azərbaycanla sərhəddə yerləşən Gorus rayonuna səfər ediblər.
İyulun 12-si səhər saatlarında “Gorus” otelinin ətrafında mühafizənin gücləndirildiyi və Paşinyanın rəhbərliyi ilə iclasın keçirildiyi bildirilib. Məlumata görə, toplantıya hakim partiyanın 200-ə yaxın üzvü qatılıb.
Baş nazirin Əbu-Dabidə Azərbaycan lideri ilə mühüm görüşün ardından sərhədə getməsi və genişmiqyaslı iclas keçirməsi diqqət çəkir.
Gorusdakı toplantının məqsədi nədir? Paşinyan partiya üzvləri nəyi müzakirə edir?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, burada müdafiə naziri Suren Papikyan, iqtisadiyyat naziri Gevorq Papoyan, xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər rəsmi şəxslər iştirak edir:
“Əbu-Dabi görüşü dünya diplomatiya tarixində mühüm dönüş nöqtəsi oldu. İlk dəfə idi ki, münaqişə tərəfi olan ölkələrin liderləri vasitəçi olmadan neytral bir ölkədə sülh əldə etmək üçün danışıqlar apardılar. Bu, həmçinin Cənubi Qafqazda Rusiyanın təsirinin azaldığının da göstəricisi idi.
Paşinyanın görüşdən sonra sərhədə getməsinin əslində rəmzi mənası var. Çünki liderlər delimitasiya prosesinə ciddi dəstək verdilər və prosesin davam etdirilməsi barədə razılıq əldə olundu. Ermənistanın baş naziri məhz bu səbəbdən sərhəd bölgəsinə gəldi. O, bununla ölkə daxilindəki revanşist qüvvələrə sərhədlərin delimitasiya prosesinin uğurla davam etdiriləcəyi mesajını verdi”
Zeynal Əmrəliyev
Politoloq bildirib ki, görüşün ən önəmli müzakirəsi Zəngəzur dəhlizi məsələsi ilə bağlı idi:
“Bu dəhlizin Ermənistan üçün də iqtisadi əhəmiyyəti böyükdür. Artıq bu layihəyə Qərb və Türkiyə biznes elitası ciddi maraq göstərir. Hazırda İrəvan üçün hər iki tərəflə ticarət vacibdir.
Paşinyanın bölgəyə səfəri həm də Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətini seçicisinə çatdırmaq məqsədi daşıyır. Ermənistan Konstitusiya dəyişikliyi ilə bağlı referenduma hazırlaşır. Ehtimal ki, baş nazir bu müddətdə bölgələrə səfərlərini artıracaq. Məqsəd Ermənistan cəmiyyətindən dəstək toplamaqdır”.