AZ

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi

Bakı, 12 iyul, Pərvin Bayramova, AZƏRTAC

İyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında görüşün baş tutması həm region, həm də dünya gündəmində mühüm əhəmiyyət daşıyan bir hadisədir. Bu görüşlə Bakı və İrəvan Cənubi Qafqaza sabitlik, inkişaf, tərəqqi gətirəcək sülhün əldə olunmasına doğru daha bir addım atdı. Bu sülh təkcə regionumuzda uzun illərdən bəri bağlı qalan yolların, kommunikasiya xətlərinin açılması, iqtisadi-ticari münasibətlərin bərpa olunması mənasına gəlmir. Bu, həm də dünyada müharibələrin, münaqişələrin hökm sürdüyü məkanlarda barışa, sülhə açılan bir qapıdır. Əbu-Dabi görüşü sülhün əldə olunmasının Cənubi Qafqaz üçün prioritet olduğunu və Bakının bu prosesi irəliyə aparmaqda nə qədər qətiyyətli olduğunu göstərdi. Azərbaycan bu prosesdə qalib və təşəbbüskar tərəf, Prezident İlham Əliyev isə liderdir. Ermənistanın Baş nazirinin davamlı siyasi iradə, qətiyyətli mövqe nümayiş etdirəcəyi təqdirdə iki ölkə arasında sülhə alternativ yoxdur.

Danışıqların yeni mərhələsi kimi Əbu-Dabi görüşü yaxın perspektivdə Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunacağına nikbin baxmaq üçün əsaslar verir.

AZƏRTAC bu görüş çərçivəsində diqqətçəkən məqamlara nəzər salır.

Görüş yeri kimi yeni bir platforma - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi seçildi. Bu ölkə hər iki tərəflə yüksəksəviyyəli əlaqələrə malikdir. Xüsusilə vurğulamaq lazımdır ki, BƏƏ indiyədək nə keçmiş münaqişənin gedişində tərəf tutub, nə də danışıqlarda vasitəçilik etmək uğrunda mübarizə aparıb. Bu aspektdən də Əbu-Dabi neytral danışıq meydançası olaraq seçilib.

Digər tərəfdən, burada Birləşmiş Ərəb Əmirliklərinin rolu sadəcə, görüş üçün əlverişli mühitin yaradılmasından ibarət olub. Beləliklə, bu görüş kənar siyasi dairələrin maraqları olmadan, vasitəçilərsiz baş tutub.

Diqqətçəkən daha bir məqam isə, saatlarla davam edən görüşdə həm Azərbaycandan, həm də Ermənistandan barış mühitinin bütün komponentləri üzrə məsuliyyət daşıyan rəsmi şəxslərin iştirakı olub.

Görüşün əvvəlində Prezident İlham Əliyevin diplomatik jesti - Ermənistan baş naziri Nikol Paşinyana ilk olaraq əl uzatması, daha sonra nümayəndə heyətinin digər üzvlərinin əlini sıxmaq üçün hərəkətə keçməsi və bunun ardınca onların da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə salamlaşması müsbət ab-havanın mövcudluğunu göstərdi.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı bəyanatda bu çərçivədə mühüm məsələlərin müzakirə edildiyi, tərəflərin nəticəyönümlü dialoqu, ikitərəfli danışıqlar və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəldiyi vurğulanır.

Bütün bu amillər Əbu-Dabi görüşünün Bakı və İrəvan arasında normallaşma prosesində əhəmiyyətini ortaya qoyur. Bunun sülh müqaviləsinin imzalanmasına aparan yolda növbəti mərhələ olduğunu göstərir.

Bu prosesin təşəbbüskarı və aparıcı qüvvəsi kimi Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən dünyaya sülh mesajı verdi. Hazırda dünyada baş verən silahlı münaqişələr, dəhşətli müharibələr fonunda Bakı göstərdi ki, indi barış zamanıdır.

phrase_var_article.chosen
38
50
azertag.az

10phrase_var_article.sources