Yay aylarında artan temperatur insan sağlamlığı üçün təhlükə yarada bilər.
"Unikal" diqqətə çatdırır ki, cüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlar isti hava şəraitinə qarşı daha həssasdır. Mütəxəssislər isti günlərdə sərin qalmaq üçün bir sıra tövsiyələr verirlər:
1. Günün ən isti saatlarında çöldə olmayın
Saat 11:00-dan 17:00-a qədər birbaşa günəş altında olmaq tövsiyə edilmir. Əgər çölə çıxmaq məcburiyyətindəsinizsə, kölgə yerləri seçin və günəş eynəyi, papaq, açıq rəngli geyimlərdən istifadə edin.
2. Bol su için
Susuzluq hiss etməsəniz belə, bədən temperaturunu tənzimləmək üçün gündə azı 2-2,5 litr su içmək məsləhətdir. Şirin və qazlı içkilərdən uzaq durmaq daha yaxşıdır.
3. Yüngül və tər udan geyimlər geyinin
Pambıq və ya kətan kimi nəfəs alan materiallardan hazırlanmış geyimlər bədəni daha sərin saxlayır.
4. Evi havalandırın və pərdənizi örtün
Günün isti saatlarında pəncərələri bağlı saxlayın və pərdələri çəkin. Səhər və axşam saatlarında evi havalandırmaq havanı dəyişmək üçün yaxşı üsuldur.
5. Sərin duş və nəmləndirici vasitələrdən istifadə edin
Gündəlik sərin duşlar bədəni rahatladır. Həmçinin, dəriyə nəmləndirici kremlər çəkmək quruluğun və yanmanın qarşısını alır.
6. Yüngül qidalarla qidalanın
Ağır və yağlı yeməklər bədənə əlavə istilik gətirə bilər. Tərəvəz, meyvə və sulu yeməklər isti havada daha uyğundur.
7. Fiziki fəaliyyəti məhdudlaşdırın
İdman və ağır işləri səhər və ya axşam saatlarına salmaq tövsiyə olunur. İsti havada yüksək fiziki fəaliyyət ürək və damar sisteminə əlavə yük yarada bilər.