Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradovu və Vinset Till.
Yuxarıda adıçəkilənlər "Zirə"nin yay fasiləsində heyətini qatdığı yeni transferlərin siyahısıdır.
Hər biri hamımıza tanış simadır. Aşağı-yuxarı hər birinin bacarıqlarından haliyik.
Ölkəmizə, çempionatımıza bələd adlardır. Yeqor xaric, digərləri sabiq komandalarında kifayət qədər yaxşı izlər buraxa biliblər.
Bir sözlə, "qartallar" bu il də çox uzağa getmək yox, elə ətrafında olan yaxşıları/seçilənləri transfer etmək yolunu seçib.
Bu, Rəşad Sadıqovun son illər formalaşdırdığı bir tərzdir. Hər arxada qalan il yanaşma daha da bərkiyir.
Və kifayət qədər də uğurlu alınır. Belədə niyə də əl çəksin?
Kənardan tanımadığın birini gətirib adaptasiya keçməsini gözləməkdənsə, bu prosesi çoxdan arxada qoyanları sınamaq hardan baxsaq doğrurdur.
Rəşad Sadıqovun gözünün önündə top qovublar. Təcrübəli mütəxəssis onların bacarığına daha yaxşı bələddirsə, futbolçular da çalışdırıcının nə istədiyindən, hansı oyun fəlsəfəsində olduğundan agahdılar.
Futbolda önəmli məqamdır. Zaman itirmirsə, istəklərinə daha erkən çatırsan.
Sadıqovun tərzi avrokuboklarda da komandasının işinə çox yaraya bilər.
XANOĞLAN / SPORTİNFO.AZ