AZ

Deputat Anatoliy Rafailov: Dövlət mətbuatın inkişafına hər zaman xüsusi diqqət yetirir

Bakıda Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə Magen David Azərbaycan – İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil olunub.

Tədbirdə millət vəkilləri, informasiya agentliklərinin rəhbərləri, xəbər saytlarının baş redaktorları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası işçi qrupunun rəhbəri, Magen David Azərbaycan Cəmiyyətinin fəxri sədri Anatoliy Rafailov dövlətin mətbuatın inkişafına hər zaman xüsusi diqqət yetirdiyini bildirib.

O qeyd edib ki, müasir Azərbaycan mediası operativliyi, dəqiqliyi və qərəzsizliyi ilə seçilir, dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynayır. Rafailov media nümayəndələrinin peşəkarlığını, xüsusilə Vətən müharibəsi və pandemiya dövründə cəmiyyətin düzgün məlumatlandırılmasındakı əvəzsiz xidmətlərini yüksək qiymətləndirib.

Magen David Azərbaycan Cəmiyyətinin və Ümum İsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov çıxışında bildirib ki, “Əkinçi” ilə əsası qoyulan maarifçilik ideyaları bu gün də yaşayır.

O vurğulayıb ki, müasir Azərbaycan mediası informasiya müharibəsində həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır və media nümayəndələrinin qərəzsiz, operativ fəaliyyəti ilə daim seçilib.

Milli Məclisin deputatı Səbinə Salmanova isə mətbuatın cəmiyyətin maarifləndirilməsi və ictimai rəyin formalaşdırılmasındakı rolunu xüsusi qeyd edib. O bildirib ki, jurnalistlər bu gün də milli maraqların qorunmasında ön sıradadır və onların peşəkarlığı dövlət tərəfindən daim yüksək qiymətləndirilir. S. Salmanova həmçinin vurğulayıb ki, Vətən müharibəsi və pandemiya dövründə medianın operativliyi, vətəndaşlara düzgün və vaxtında məlumat ötürməsi dövlətin və cəmiyyətin informasiya təminatında həlledici rol oynayıb.

Çıxışlarda qeyd edilib ki, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində media üçün əlverişli mühit yaradılıb, peşəkar jurnalist ordusu formalaşıb və milli mətbuatımız həm dövlətin, həm də cəmiyyətin inkişafında əvəzsiz rol oynayır.

Rəsmi hissədən sonra tədbir iştiraçıları üçün bədii proqram təqdim olunub.

Seçilən
12
9
report.az

10Mənbələr