AZ

"Fiorentina"nın yeni baş məşqçisi bəlli oldu

İtaliyalı mütəxəssis Stefano Pioli “Fiorentina”nın yeni baş məşqçisi olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  59 yaşlı çalışdırıcı ilə 30 iyun 2028-ci ilədək müqavilə imzalanıb.

Pioli daha əvvəl, 1989–1995-ci illərdə futbolçu kimi “Fiorentina”nın şərəfini qoruyub. O, həmçinin 2017–2019-cu illər aralığında klubun baş məşqçisi kimi fəaliyyət göstərib.

Yeni təyinatla yanaşı, Piolinin məşqçilər korpusu da müəyyənləşib. Ona Andrea Taroççi kömək edəcək. Texniki heyətdə Cianmarko Pioli, Cessi Andrea Fioranelli, Rikkardo Taddei və Aleksandr Nizelik yer alacaq. Fiziki hazırlıq üzrə məşqçilər Matteo Osti, Roberto Peressutti və Alessio Butini, analitiklər Martino Vinyali və Andrea Tordi olacaq. Qapıçılarla işləyəcək mütəxəssislər isə Corco Biançi və Alessandro Dall’Omodur.

“Fiorentina”nın prezidenti Rokko Komisso Piolinin təyinatı ilə bağlı açıqlama verib:

“Stefano Piolinin klubumuzun yeni baş məşqçisi olmasından məmnunam. Onunla ilk gündən etibarən yüksək insani keyfiyyətlərə malik, bu şəhəri və klubu yaxşı tanıyan, maksimum nəticə üçün hər şeyə hazır biri olduğunu gördüm. Ailəmlə və klub rəhbərliyi ilə birlikdə ona uğurlar arzulayıram.”

Pioli iyulun 14-də komanda və azarkeşlərlə görüşəcək, 16 iyulda isə rəsmi mətbuat konfransı keçirəcək.

Seçilən
23
90deqiqe.az

1Mənbələr