Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarı ilə 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiriləcəkdir.
Bu məqsədlə iyulun 12-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə kənd təsərrüfatının növbəti siyahıyaalınması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev qeyd edib ki, 2025-ci ilin 15 iyul – 15 avqust tarixləri arasında Naxçıvan şəhərində kənd təsərrüfatı sahəsində siyahıyaalma aparılacaqdır. Bu mühüm tədbirin vaxtında, mütəşəkkil şəkildə və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün artıq müəyyən təşkilati və praktiki addımlar atılıbdır.
Həmçinin vurğulanıb ki, Naxçıvan şəhərini əhatə edən kənd təsərrüfatı sahələrinin siyahıyaalınması ilə bağlı əhali arasında məlumatlandırma işləri aparılıb, ictimai guşələrdə və yaşayış məntəqələrində maarifləndirici plakatlar yerləşdirilib, siyahıyaalma prosesinə cəlb olunacaq təlimatçı-nəzarətçilər və sayıcılar artıq müəyyənləşdirilib və onların təlim prosesinə başlanılıb, qarşıya çıxacaq çətinliklərin çevik və operativ şəkildə aradan qaldırılması məqsədilə əlaqəli qurumlarla koordinasiyalı fəaliyyət planı hazırlanıb.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Müşfiq Əliyev kənd təsərrüfatı siyahıyaalmasının əhəmiyyəti və onun dövlət siyasətində tutduğu yer barədə geniş məlumat verib. O, bildirib ki, bu proses kənd təsərrüfatı sahəsində real vəziyyətin obyektiv qiymətləndirilməsi, eləcə də gələcək proqramların düzgün istiqamətləndirilməsi baxımından olduqca önəmlidir.
Xüsusi ilə qeyd edilib ki, bu işin yerinə yetirilməsi üçün muxtar respublika üzrə 723 nəfər, o cümlədən 63 təlimatçı-nəzarətçi, 641 sayıcı və 19 ehtiyat sayıcı ilə xidmətlər üzrə satınalma müqaviləsi imzalanmışdır. Müqavilə imzalanmış şəxslərdən 73-ü Naxçıvan şəhərinin payına düşür ki, bunlardan da 6-sı təlimatçı-nəzarətçi, 65-i sayıcı, 2-si isə ehtiyat sayıcıdır.
Qeyd edək ki, kənd təsərrüfatının siyahıyaalınması nəticəsində təsərrüfatların istehsal fəaliyyəti, o cümlədən torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, heyvan və quşların sayı, istifadə olunan yemin növləri, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən qeyri-yaşayış tikililəri, işçi qüvvəsi, balıqyetişdirmə (akvakultura) və s. barədə aktual məlumatların əldə edilməsinə imkan yaranacaqdır.
Ölkəmizdə hər 10 ildən bir keçirilən bu tədbirin əsas məqsədi cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsi, kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsi, o cümlədən sonuncu dəfə 2015-ci ildə keçirilmiş siyahıyaalmadan sonrakı dövr ərzində baş vermiş struktur dəyişikliklərin təhlili üçün zəruri məlumatların əldə edilməsi, aqrar bölmədə həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılması və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün keyfiyyətli məlumatların əldə edilməsindən ibarətdir.
Tədbirin sonunda Naxçıvan Şəhər Statistika İdarəsinin rəisi Ramil Gülməmmədov çıxış edərək siyahıyaalma prosesində birbaşa iştirak edəcək şəxslərə təlim keçib. O, texniki mərhələlər, istifadə ediləcək planşetlər və elektron informasiya sistemində məlumatların qeydiyyatı ilə bağlı praktik izahlar verib, sualları cavablandırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.