AZ

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər - YENİLƏNİB/FOTOLAR

MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura səfərinin sonuncu ünvanı Cəbrayıl olub. Onlar rayonun Mehdili kəndində minatəmizləmə və minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. SİA-nın bölgə müxbiri xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahlar Cəbrayıl rayonu Mehdili kəndində minatəmizləmə işlərinin həyata keçirildiyi ərazidə olublar. Səyyahlar işğaldan azad edilmiş Mehdili kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlara işğal zamanı ərazilərin həddən çox minalarla çirkləndirilməsi barədə, həmçinin ötən dövrdə mina təhlükəsi nəticəsində həlak olanların və sağlamlığını itirənlərin olduğu haqqında məlumat verilib. Ərazilərdə tank əleyhinə minaların, piyada əleyhinə minaların, həmçinin qarışıq mina xətlərinin çox olduğu bildirilib. Bundan başqa, axtarış vaxtı ərazidə partlamamış silah-sursatların da aşkarlandığı deyilib. Qeyd edilib ki, aşkarlanan piyada əleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır. Səyyahlara, həmçinin məlumat verilib ki, ərazidə təmizləmə işləri mexaniki üsulla, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır.

ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev müsahibəsində bildirib ki, Cəbrayıl rayonu Mehdili kəndi ərazisində yerləşən Mehdili/006/05 mina sahəsində 171 iş günüdür təmizləmə əməliyyatı aparılır və minalı sahə 83 min 111 kvadratmetrdir. “Bu günə kimi ərazinin 85,21 faiz olmaqla 58 min 379 kvadratmetri təmizlənib və 1077 ədəd mina aşkarlanıb. Ərazidə tapılan minalar partlayış qrupu tərəfindən zərərsizləşdirilib. Ərazidə aşkarlanan minaların 922 ədədi piyada əleyhinədir və Ermənistan istehsalıdır. 155 ədəd isə tank əleyhinə olan minalardır ki, bunlar Rusiya istehsalıdır.

Bu ərazi işğal vaxtında ilk təmas olduğu üçün burada düşmənin ön postları yerləşib və ərazidə həddindən çox minalar basdırılıb. Sahə kənd ərazisi olduğu üçün torpaqda metallarla çirklənmə həddən çoxdur, bu da detektorla işləməyi çətinləşdirir. Bu səbəbdən ərazidə təmizləmə-qazma üsulu ilə yəni, kiçik bellərlə minaaxtaranlar 20 santimetr dərinlikdə qazaraq aşkara çıxarılan minaların ətrafını işarələyirlər. Mina xətlərinin keçmədiyi sahələrdə isə mexaniki vasitələrlə, daha sonra həmin ərazidə minaaxtaran itlərlə əməliyyat tədbirləri həyata keçirilir”, - deyə o bildirib.

Daha sonra ərazidə aşkarlanan minaların partladılma yolu ilə zərərsizləşdirilməsi prosesi həyata keçirilib.

Qeyd edək ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Veley rəhbərlik edib. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradıb. Son 4 il ərzində dünyanın əsas beynəlxalq səyyahlar klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər edilib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə 14-cü qrup səfəridir.

Seçilən
9
3
sia.az

10Mənbələr