Fransanın məşhur kurort şəhərciyi Sen-Tropedə, təqribən 109 milyon dollar dəyərində olan dəbdəbəli Britaniya superyaxtasında genişmiqyaslı yanğın baş verib. Məlumata görə, alov fəlakəti həmin an onlarla digər yaxtanın dayandığı körpüyə yayılıb.
NOCOMMENT.az xarici mediaya istinadla bildirir ki, hadisə, dünyanın hər yerindən varlı və məşhur insanları cəlb edən, ən eksklüziv yaxta limanında baş verib. Yüksək mövsümdə həftəlik təxminən 94 min dollara icarəyə verilən yaxta, yuxarı hissədən başlayaraq tamamilə alova bürünüb, daha sonra isə yanğın aşağı göyərtələrə yayılıb. Ekipaj üzvü olduqları ehtimal edilən 24 və 35 yaşlarında iki nəfər xilas edilib, lakin onlar tüstüdən zəhərləniblər. Digər yaralananlar qeydə alınmayıb. Yanğının tam söndürülməsi isə yalnız bir neçə saat sonra mümkün olub.
Yanğının qarşısını almaq üçün operativ müdaxilə edilsə də, yanğınsöndürənlər müəyyən çətinliklərlə üzləşiblər. Alovun söndürülməsi zamanı ətrafdakı yaxtaların təxliyəsi həyata keçirilib və dənizin mümkün çirklənməsinin qarşısını almaq məqsədilə xüsusi maneələr qurulub. Hakimiyyət orqanları hələlik yanğının dəqiq səbəbini açıqlamayıb, araşdırma isə yeni başlayıb. Hadisə yüzlərlə turistin diqqətini cəlb edib — onlar baş verənləri maraqla izləyərək video və foto çəkiblər. Belə hallar bu elit bölgədə son dərəcə nadir baş verir.
Gəminin sahibi barədə hələlik heç bir rəsmi məlumat açıqlanmayıb. Yalnız o məlumdur ki, yanmış yaxta 1986-cı ildə Böyük Britaniyanın Kaus şəhərindəki gəmiqayırma zavodunda inşa edilib və həmin il suya buraxılıb. 2024-cü ildə tam təmir olunandan sonra yaxta hazırda Malta bayrağı altında üzür və öz sinfində ən dəbdəbəlilərdən biri sayılır. Gəminin daxilində şəxsi vanna otaqları olan beş kajuta mövcuddur və bu kajutalar ümumilikdə 10 sərnişin qəbul edə bilir. Səkkiz nəfərlik ekipaj isə qonaqların rahatlığı və təhlükəsizliyi üçün xidmət göstərir.\\Lent.az