futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan klubları yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
“FutbolPress“in məlumatına görə, Premyer Liqa təmsilçiləri əsasən Portuqaliya “bazarı”na üstünlük verir.
Çempion “Qarabağ” bu günə qədər artıq üç transfer rəsmiləşdirib. Yeni oyunçuların hər biri Portuqaliyanın müxtəlif klublarından heyətə cəlb olunub.
Dani Bolt “Torrense”, Pedro Bikalyo “Alverka”, Kris Koaku isə “Mafra”dan transfer edib. “Alverka” yeni mövsümdə əsas liqada çıxış edəcəksə, “Torrense” və “Mafra” II Liqa təmsilçisidir.
Portuqaliya “bazarı”nda aktivlik göstərən digər klub isə “Şamaxı”dır. Bölgə təmsilçisi Dioqo Balaunu və Rikardo Apolinarionu “Unian Santarem”, David Santosu isə Kovilya “Sportinq”indən transfer edib.
Portuqaliyadan oyunçu gətirən digər klub “Kəpəz”dir. Gəncə təmsilçisi elitanı tərk edən “Boavişta”dan müdafiəçi Pedro Qomeslə güclənib.
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “İmişli” isə baş məşqçi postunu portuqaliyalı mütəxəssis Kasqilyaya tapşırıb.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.