Rusiyanın Nijni Novqorod vilayətinin prokurorluğu “qanuni oğru” Zviad Tbilisski ləqəbli Zviad Ozmanyan barəsində olan cinayət işi üzrə ittiham aktını təsdiqləyib.
Hurriyyet.az Lent.az-a istinadla bildirir ki, prokurorluğun verdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 210.1-ci maddəsi – “Cinayət iyerarxiyasında ən yüksək mövqe tutma” maddəsi ilə ittiham olunur.
Bu maddəyə əsasən, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə və 5 milyon rubladək cərimə nəzərdə tutulur.
İstintaqın məlumatına görə, Zviad Ozmanyan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum olunduğu Nijni Novqorod həbsxanalarında cəza çəkdiyi dövrdə cinayət iyerarxiyasında ən yüksək mövqeyi tutub. O, öz kriminal statusundan 2014–2024-cü illər ərzində islah müəssisələrində nəzarəti ələ almaq məqsədilə istifadə edib. Bundan əlavə, ona həbsxanada qadağan olunmuş əşyaların dövriyyəsi, "ümumi fondun" vaxtında doldurulması və cinayətkar birliyin pullarının paylanması ittihamı da əlavə olunub. Cinayət işi baxılması üçün Nijni Novqorod vilayət məhkəməsinə göndərilib.
Qeyd edək ki, 2017-ci ildə Zviad Ozmanyan Nijni Novqorodda sahibkara qarşı törədilmiş quldurluq hücumuna görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hücum zamanı cinayətkarlar sahibkardan qurd dərisindən hazırlanmış paltolar, qızıl sikkələr və digər əmlakı oğurlayıblar.
Xatırladaq ki, bir neçə il əvvəl mərhum azərbaycanlı "qanuni oğru" Lotu Qulinin dostları Zviad Tbisskini "oğru" adından məhrum ediblər. Buna səbəb onun "ümumi fond" üçün yığılan pulları oğurlaması olub.