Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"PKK-nın silahı buraxması faktiki olaraq Türkiyə dövlətinin uzunmüddətli və ardıcıl mübarizəsinin real nəticəsidir. Bu hadisə terrorla mübarizənin təkcə hərbi deyil, diplomatik, siyasi və kəşfiyyat müstəvilərində də uğurla aparıldığını sübut edir. Abdullah Öcalanın bu çağırışı istər həbsxanadan gəlsin, istər başqa mərkəzdən, Ankara üçün yalnız bir nəticə doğurur: dövlətin iradəsi qalib gəldi. Silahın buraxılması ilə bağlı çağırışa kollektiv şəkildə əməl olunursa, bu, Türkiyə üçün strateji qələbə olacaq".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov PKK-nın silahı buraxması haqqında danışarkən bildirdi.
"Türkiyə bu prosesə istənilən güzəşt və ya qeyri-rəsmi dialoq olmadan nail olub. Məhz bu da prosesi unikallaşdırır. Silahların yerə qoyulması PKK-nın regiondakı, xüsusilə də İraqın şimalında və Suriyanın şərqindəki dayaqlarının tədricən çökəcəyinə işarədir. Bu mərhələdə əsas məsələ təşkilatın silahlı strukturlarının tam ləğvi və ideoloji aparatının ifşasıdır. Təkcə fiziki olaraq silahı buraxmaq kifayət deyil, ideoloji və maliyyə damarları da kəsilməlidir. Çünki silahın yerə qoyulması bəzi hallarda zaman qazanmaq, strukturu yeniləmək və ya beynəlxalq legitimlik axtarışına çıxmaq üçün də alətə çevrilə bilər", - deyə o vurğuladı.
Siyasi şərhçi qeyd etdi ki, DEM Partiyasının siyasi xəttində də ideoloji transformasiya gözlənilməlidir:
“Öcalanın rolu bu mərhələdə artıq siyasi dəyərini itirib, çünki meydan Ankara ilə xalq arasındadır. Bu zəfər, təkcə hərbi deyil, milli ruhun və dövlətçilik iradəsinin zəfəridir. Silahı yerə qoyan tərəf artıq diktə edən tərəf deyil, diktə olunan tərəfdir. Türkiyənin indi qarşısında duran əsas məsələ bu zəfəri diplomatik və geosiyasi masaya daşımaqdır. Türkiyə regionda yalnız sabitliyi təmin edən güc mərkəzi deyil, həm də terrora qarşı qlobal mübarizə modelini təqdim edən aktordur”.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.