Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən "Sabah" - "Çelye" matçından sonra qonaqların baş məşqçisi Albert Riera mətbuat konfransında səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşdü. Vaxtilə "Liverpul", "Qalatasaray", "Espanyol", "Mançester Siti" kimi adlı-sanlı klublarda oynamış, artıq 3 ildir məşqçilik fəaliyyəti ilə məşğul olan ispan çalışdırıcının sözləri nə etik normalara, nə də peşəkarlığa uyğun idi. 

Sitat:"Hər iki klubun geyimləri tünd rəngdə idi. İlk 10 dəqiqədən sonra oyunçularım çaşqınlıq yaşadılar. Mən qazax referiyə təklif etdim ki, bizim başqa formamız var, dəyişə bilərik. O, işini daha yaxşı bilməlidir. Formalar oxşar idi. Qazaxlarla azərbaycanlılar arasında yaxınlıq var. Mən Sloveniyada çalışıram, istəməzdim ki, oyunu avstriyalı hakimlər idarə etsinlər".

Əvvəla, komandaların oxşar rəngli formalarda çıxış etmələri barədə. Həqiqətən də hər iki klub tünd rəngli forma geyinmişdilər, futbolçuları bir-birindən seçmək çətin idi. Sanki meydançada 22 nəfərdən ibarət bir komanda var idi. Ancaq bu məsələdə "Sabah"ın nə günahı var? "Sabah" dünən meydan sahibi qismində çıxış edirdi, ənənəvi ev formasını geyinmişdi.

Bəs "Çelye" Bakıya niyə ev formasında gəlmişdi? Oyundan qabaq formaların rəngi ilə bağlı məsələni dəqiqləşdirmək sloveniyalıların və UEFA nümayəndəsinin üzərinə düşürdü. Təəssüf ki, bu məsələdə "Çelye" rəsmiləri ilə hakimlər ortaq məxrəcə gələ bilməyiblər. Tərslikdən Sloveniya klubunun səfər forması narıncı rəngdə - yəni, hakimin geyimi ilə eynidir. Bir sözlə, rəng seçimində problem "Sabah" və "Çelye" arasında yox, qonaq komanda-UEFA nümayəndəsi-baş hakim "üçbucağ"ında yaşanıb.

Lakin A.Rieranın mətbuat konfransında formaların rəng məsələsi ilə bağlı anlaşılmazlığı digər səmtə yönəltməsi manipulyasiya və qeyri-peşəkarlıqdan başqa bir şey deyil. Azərbaycan və Qazaxıstan arasında münasibətlərin futbol matçına, ədalət prinsiplərinin qorunmasına nə aidiyyatı var? Məgər hakimlər yerli federasiyanın və UEFA-nın təlimlərinə qatıldıqda, onlara yerlibazlıq, qohumbazlıq, millətçilik təlqin olunur, yoxsa konkret qaydalara uyğun olaraq, obyektiv, tərəfsiz, vicdanlı qərarlar vermək?

"Çelye"nin baş məşqçisinin ittihamı çox ağırdır. Bu, həm qazaxıstanlı hakimlərin, həm də onları Bakıya göndərən UEFA Hakimlər Komitəsinin obyektivliyini şübhə altına qoyur. Bu, dolayısı ilə UEFA-ya ünvanlanmış ittihamdır. 

Bəli, Azərbaycanla Qazaxıstan hər ikisi türk dövlətidir, müsəlman ölkəsidir, ortaq adət-ənənələri var. Ancaq bu, başqasının haqqına girmək, yersiz ittihamlar söyləməyə əsas vermir. Eyni məntiqlə, UEFA cavab matçına Bolqarıstandan olan hakimləri təyin etməməli idi. Axı Sloveniya və Bolqarıstan slavyan xalqlarıdır, xristian ölkələridir və ortaq adət-ənənələri var. Eynilə Azərbaycanla Qazaxıstan kimi.

Ən qəribəsi isə Albert Rieranın belə gülünc ittihamları qalib gəldiyi oyundan sonra irəli sürməsidir. Əgər qazaxıstanlı baş hakimin "Sabah"a simpatiyası var idisə, "Çelye"nin 7-ci dəqiqədə vurduğu və ofsayd mübahisəsi yaradan qolu niyə hesaba alırdı? Və ya 16-cı dəqiqədə "Çelye"nin futbolçusu Xuanxo Nietonun Rəhman Daşdəmirovun üz nahiyəsinə vurduğu zərbəni xatırlayın. Həmin zərbədən sonra Rəhman bir neçə dəqiqə yerdə qaldı, oyunun sonunadək dodağındakı zədədən əziyyət çəkdi. Hakim bu epizodu "rəqibə bilərəkdən zərbə" kimi qeydə alıb "Çelye"nin üzvünə qırmızı vərəqə də göstərə bilərdi. Ancaq nədənsə, FIFA referisi həmin anda Azərbaycan - Qazaxıstan münasibətlərini "unutdu"...

Biz "Çelye" rəhbərliyinin etirazına dəlil-sübutlarla, məntiqlə cavab verməyə çalışdıq. Şübhəsiz ki, sloveniyalılara ən yaxşı cavab iyulun 17-də yaşıl meydançada parlaq qələbə olardı. İrəli, "Sabah"!