AZ

“Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib

İyulun 11-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq forum keçirilib.

Forumda aidiyyəti dövlət və beynəlxalq qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal çağırışlar və yeni trendlər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən inkişaf modelinin Azərbaycanın sosial-iqtisadi potensialını gücləndirdiyini, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Azərbaycanın mövqelərinin yüksəlməsi iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığının azalması ilə bağlıdır. Bu isə öz növbəsində bilik və bacarıq tutumlu sahələrin inkişafı üçün möhkəm baza yaradaraq dördüncü sənaye inqilabının elementlərinin tətbiqini sürətləndirir.

Diqqətə çatdırılıb ki, süni intellekt, böyük verilənlər, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texniki yeniliklər deyil, həmçinin iqtisadiyyatların böyümə modelini tamamilə dəyişən amillərdir. Bu çağırışlar ölkəmiz üçün də aktualdır. Sənaye və texnologiya parklarının yaradılması, ölkənin sosial-iqtisadi strategiyasında rəqəmsal iqtisadiyyatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilməsi, 4SİM Azərbaycan Mərkəzinin açılması və rəqəmsallaşma təşəbbüsləri - bu transformasiyanın bir hissəsidir.

Vurğulanıb ki, rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşdirilməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə önəmlidir. Ölkəmizdə sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri, subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlərlə yanaşı, texnoloji inkişafı dəstəkləyən işlər görülür.

İqtisadiyyat naziri qeyd edib ki, rəqəmsal transformasiyanın mərkəzində insan kapitalının inkişafı dayanır. Ölkəmizdə bu çağırışa cavab vermək üçün vətəndaşlara yeni bilik və bacarıqlar qazandırmağı hədəfləyən proqramlar həyata keçirilir.

4SİM-in icraçı direktoru Fariz Cəfərov təqdimatında sənaye transformasiyası üçün zəruri olan üçlü yanaşmadan - biznes, texnologiya və təşkilati transformasiyadan bəhs edib, “Sənaye 4.0 Hazırlıq Proqramı”nın mahiyyəti barədə məlumat verib.

Tədbir çərçivəsində “Sənaye 4.0 Hazırlıq Proqramı”nın pilot mərhələsini uğurla başa vurmuş “METAK” şirkətinin təsisçisi Alik Kərimov, “Azerfloat” şirkətinin baş direktoru Emil Həsənov və “STP” şirkətlər qrupunun baş icraçı direktoru v.i.e Ələkbər Abbaslı çıxış edərək proqramın müəssisələrin fəaliyyətinə və məhsuldarlığına müsbət təsirlərindən bəhs ediblər.

Beynəlxalq ekspert Andres Kadoska “Dünyada transformasiya təşəbbüsləri necə həyata keçirilir? Sənaye 4.0 Mərkəzləri və dəstək proqramları” mövzusunda təqdimatla çıxış edib. Beynəlxalq təcrübələr fonunda Azərbaycanda atılan addımların əhəmiyyəti vurğulanıb.

Tədbirdə texnoloji, ekosistem, insan kapitalının inkişafı üzrə tərəfdaşlarla 4SİM arasında əməkdaşlığa dair sənədlərin imzalanma mərasimi keçirilib. “Festo”, “Koç Digital”, “MEXT” Texnologiya Mərkəzi, “Honeywell”, “SMC” kimi texnologiya şirkətləri ilə yanaşı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Biznesinin İnkişafı Fondu, “Sabah City”, habelə ADNSU, ADA, İqtisad Universiteti, BANM, AzTU və BMU iləimzalanan niyyət protokolları və anlaşma memorandumları4SİM-lə əməkdaşlığın qurulmasına və inkişafına xidmət edəcək.

Forumda rəqəmsal iqtisadiyyatla bağlı qlobal trendlərə həsr olunmuş panel müzakirələri təşkil olunub. Beynəlxalq ekspert Cengiz Ulubaşın moderatorluğu ilə keçən paneldə“MEXT” Texnologiya Mərkəzinin rəhbəri Efe Erdem, “Honeywell” şirkətinin regional meneceri Oktay Başer,Qətər İnkişaf Bankının KOB-ların inkişafı üzrə icraçı direktoru Dr. Hamad Salem MejegheervəSOCAR-ın Əməliyyat satınalması və təchizat departamentinin rəis müavini Elçin Musayev çıxış edərək regional təcrübələr, müasir texnologiyaların tətbiqinin yaratdığı iqtisadi təsirlər və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində yerli və beynəxalq şirkət və startapların texnoloji həllərinin nümayiş olunduğu sərgi təşkil olunub. Burada 10-dan çox şirkət Sənaye 4.0 sahəsində öz həllərini təqdim edib. “Sabah City” layihəsi xüsusi maraqla qarşılanıb. Layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan və 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan, startap inkubatorları, akseleratorlar, vençur fondları, texnologiya transfer ofisləri və qabaqcıl tədqiqat mərkəzlərini bir araya gətirən innovasiya klasteridir.

Tədbidə, həmçinin “NigArt” Rəsm Məktəbinin şagirdlərinin süni intellekt və robototexnika mövzusunda hazırladıqları əl işləri sərgilənib, gələcəyin texnologiyalarına maraq və yaradıcılıq təşviq olunub.

Seçilən
36
4
vergiler.az

5Mənbələr