AZ

Çörəyin qiyməti bahalaşır? – AÇIQLAMA

Azərbaycanda unun qiyməti ucuzlaşıb. Belə ki, bir neçə gün öncə ölkə üzrə məhsulun ən aşağı topdansatış qiyməti 25,8 manat, ən yüksək isə 28 manat olub. Bakı şəhəri və Abşeron rayonunda bu göstərici 26,5-27,3 manat civarındadır. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Unun ucuzlaşması çörəyin qiymətinə təsir edəcəkmi?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov bildirib ki, unun qiymətində ciddi ucuzlaşma yoxdur.

“Hazırda qiymətlərdə, sadəcə müəyyən dalğalanmalar var. Lakin gözlənilən ucuzlaşma hələ ki görünmür. Ümumiyyətlə, unun qiymətinin azalması çörəyin dərhal ucuzlaşacağı anlamına gəlmir. İlk növbədə, çörəyin maya dəyərində işçi maaşı, kommunal xərclər və digər ödənişlərin payına baxmaq lazımdır. Bu xərclərdə fərq olmadığı halda, çörəyin qiyməti dəyişməz qalacaq”.

İqtisadçı qeyd edib ki, inflyasiya, əməkhaqqı və digər xərclər nəzərə alınmalıdır:

“Unun qiyməti azaldıqda, bunu qısamüddətli dəyişiklik kimi qəbul edirlər. Ona görə də çörəyin qiymətini endirmirlər, sonradan qiyməti yenidən artırmaq çətin olur. Bu səbəbdən də əvvəlki dövrlə müqayisədə daha yüksək mənfəət əldə etməyə çalışırlar. Bu hal bütün biznes sahələrində mövcuddur”.

Elçin Rəşidov əlavə edib ki, çörək sexləri zərərlə də işləyə bilirlər:

“Bazarda müəyyən qədər nəzarətin zəifliyi və inhisar mövqeləri var. Belə dövrlərdə çörək istehsalçılarının zərərlə işləməsi mümkündür. Qiymət endirildikdə, onlar həmin dövrün kompensasiyasını düşünürlər. Bu baxımdan qiymətlərin proporsional şəkildə dəyişməsi gözlənilir. Lakin qısa müddətdə ciddi təsir gözləmək düzgün deyil. Uzunmüddətli və kifayət qədər böyük dəyişikliklər baş verməlidir ki, qiymətlərə əhəmiyyətli təsir göstərsin”.


Seçilən
11
1
news24.az

2Mənbələr