Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 11 iyul, AZƏRTAC
Yaradıcı Mərkəzdə mədəni və yaradıcı sahələr üzrə təhsilin inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə mədəniyyət naziri Adil Kərimli, həmçinin ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova da yer alıblar.
Görüşün əsas məqsədi yaradıcı sahələr üzrə təhsilin inkişafını sürətləndirmək, universitetlərlə əməkdaşlıq platforması formalaşdırmaq və tələbələrin praktik bacarıqlarının artırılması üçün Yaradıcı Mərkəzin imkanlarını müzakirə etmək olub.
İştirakçılar Yaradıcı Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və startap təşəbbüsləri ilə yaxından tanış olublar. Gənclərin inkişafına töhfə verən innovativ layihələr tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.
Görüş zamanı kadr hazırlığı, yeni ixtisasların yaradılması və təhsil-sənaye əməkdaşlığının möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb. Tərəflər yaradıcı iqtisadiyyatın inkişafı üçün elm, təhsil və sənaye qurumları arasında sıx tərəfdaşlığın vacibliyini vurğulayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.