AZ

AKTA yeni tədris vəsaitləri hazırlayıb və universitetlərdə 500 nəfərdən çox tələbəyə təlimlər keçib – FOTO

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra olunan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində nəzərdə tutulan təlim-seminarlar və hazırlanmış metodiki vəsaitlərin təqdimat tədbirləri başa çatıb.

AKTA-nın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, layihənin icrası nəticəsində “İnformasiya təhlükəsizliyi” ixtisasına daxil olan 3 fənn (“Kriptoqrafiyanın əsasları”; “Elektronika və IoT cihazlarının təhlükəsizliyi”; “Sosial mühəndislik”) üzrə sillabuslar və metodiki vəsaitlər (mühazirələr toplusu) hazırlanmışdır.

“Kriptoqrafiyanın əsasları” fənni üzrə materiallar Azərbaycan Texniki Universitetinin professoru, universitetin “Kibertəhlükəsizlik” kafedrasının müdiri, professor Yadigar İmamverdiyev, “Elektronika və İoT cihazlarının təhlükəsizliyi” fənni üzrə materiallar Dövlət Gömrük Komitəsinin Akademiyasının “İnformasiya texnologiyaları və texniki elmlər” kafedrasının müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Asif Qanbayev və AKTA eksperti Rəşad Əliyev, “Sosial mühəndislik” fənni üzrə materiallar isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının “Əməliyyat-axtarış fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Orxan Məmmədov və AKTA-nın şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov tərəfindən hazırlanıb.

Layihə çərçivəsində hazırlanan materiallar cari ilin 17-23 iyun tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyasında, Azərbaycan Texniki Universitetində, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universitetində, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında professor-müəllim heyətinin, AKTA-ya üzv şirkətlərin nümayəndələrinin və ekspertlərin iştirakı ilə geniş auditoriyaya təqdim edilib və müvafiq istiqamətlər üzrə təlimlər keçirilib. Bu tədbirlərdə ümumilikdə 500 nəfərdən çox universitet tələbəsi iştirak edib. 

Hazırlanmış tədris-metodiki vəsaitlər ilə elektron qaydada aşağıdakı link vasitəsilə tanışmaq olmaq və əldə etmək mümkündür:

//akta.az/az/news/tehsil-layihesi-cercivesinde-hazirlanmis-tedris-vesaitleri-ictimaiete-teqdim-olunur
 

Qeyd edək ki, AKTA tərəfindən icra olunan layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.


Həyata keçirilmiş layihə universitetlərdə “informasiya təhlükəsizliyi” ixtisasının tədris kontentinin inkişafına yönəlib. AKTA-nın son illərdə həyata keçirdiyi ardıcıl layihələr sayəsində qeyd olunan ixtisas üzrə artıq 6 tədris vəsaiti hazırlanmış və akademik ictimaiətə təqdim olunub.








Bizim.Media

Seçilən
14
3
bizim.media

4Mənbələr