AZ

İqlim dəyişikliyi arıçılığa ciddi ziyan vurub - Balın qiyməti ARTACAQ

İqlim dəyişikliyi təkcə hava şəraitindəki dəyişikliklərlə məhdudlaşmır, həm də kənd təsərrüfatı, o cümlədən arıçılıq kimi sahələrə də ciddi təsir göstərir. Bu da öz növbəsində bazarlarda bal qıtlığına və bahalaşmaya səbəb ola bilir.

Mövzu ilə bağlı Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı Modern.az-a açıqlamasında bildirib ki, qlobal istiləşmə dedikdə əksər insanlar yalnız temperaturun artmasını və ya yağıntının azalmasını gözləyirlər. Əslində isə burada iqlim dəyişikliyi daha kompleks və dəyişkən formada özünü büruzə verir:

“Bəzən səhralarda gözlənilmədən yağış yağır, buzlaqlarda sürətli ərimə baş verir. Azərbaycanın bəzi bölgələrində yayın ortasınadək yağışlar davam edir, daha sonra isə quraqlıq müşahidə olunur. Qış aylarında isə havalar nisbətən isti keçir, yazda soyuqlar başlayır. Buna səbəb qeyri-sabit hava şəraitidir. 10 il əvvəl gördüyümüz hava şəraiti ilə indiki arasında ciddi fərq var. Bu dəyişikliklər isə digər sahələrdə olduğu kimi, arıçılığa da mənfi təsir göstərir”. 

E.Bayramlı əlavə edib ki, hazırda iqlim dəyişikliyinə görə Kəlbəcər və Laçın bölgələrində nektar axını gecikib:

“Qeyri-sabit hava şəraitinin nə qədər müddət davam edəcəyini əvvəlcədən söyləmək mümkün deyil. Bəlkə 1 həftə davam edəcək, bəlkə də 1 ay. Bu isə həm arılar, həm də arıçılar üçün ciddi çətinliklər yaradır. Keçən il məhz bu səbəbdən çox sayda arı itkisi baş verib”.

O həmçinin vurğulayıb ki, bu mövsüm balın nə qədər olacağı ilə bağlı dəqiq proqnoz vermək çətindir:

“Ola bilsin ki, Aran və ya dağ zonasında bal məhsulu yüksək olsun. Güman edirik ki, bu il keçən mövsüm qədər az olmayacaq. Amma hazırda bazarda balın bahalaşması onun azlığı ilə bağlı deyil. Bu, ümumi iqtisadi proseslərlə əlaqəlidir. Arıçılar olaraq, biz məhsulun qiymətini qaldırmaq istəmirik, lakin arı saxlamaqla bağlı xərclər artdıqca, buna məcbur qalırıq”, - deyə o əlavə edib.

E.Bayramlı son olaraq qeyd edib ki, keçən il arıları Ağstafadan Kəlbəcərə köçürmək üçün nəqliyyata 600 manat ödənilib:

“Bu il dizel qiymətinin artması səbəbindən sürücü eyni məsafə üçün 750 manat tələb etdi. Təsəvvür edin ki, biz il ərzində 5-6 dəfə köç edirik və hər dəfə bu xərclər artır. Nəticədə belə artımlar, bizim ümumi büdcəmizə, eləcə də məhsul qiymətlərinə öz təsirini göstərir”.
 

Aytac Bəhruzqızı

Seçilən
4
2
modern.az

3Mənbələr