AZ

“Sabah”ın qapıçısı: “Şanslar hələ də bərabərdir”

“Bu gün meydanda bir-birinə yaxın səviyyədə olan iki nizamlı komanda qarşılaşdı. “Selye” ötən mövsüm Konfrans Liqasında yaxşı nəticələr göstərmişdi. Hərçənd bəzi çatışmazlıqlarımız vardı, ümumi mənzərə ilə razı qaldıq. Belə matçlarda təcrübə ön plana çıxır. Rəqibin də bu baxımdan bizdən üstün olduğu açıq idi. Qarşıda cavab qarşılaşmamız var və bu dəfə daha yaxşı hazırlaşıb qalib gələcəyimizə inanırıq”.

İdman.biz xəbər verir ki, bu fikirləri Futbolinfo.az-a açıqlamasında “Sabah”ın qapıçısı Nicat Mehbalıyev deyib.

25 yaşlı qolkiper hər iki kıubun bərabər gücdə olduğunu vurğulayıb: “Heç kim iddia edə bilməz ki, hansısa tərəf digərindən çox üstün idi. Matçın nəticəsinə incə məqamlar təsir göstərdi. Bir qədər ustalıq, bir az da təcrübə… Nəticə 2:3 olsa da, cavab oyununda şanslarımızın bərabər olduğunu düşünürük”.

O, komandasının fiziki baxımdan çox çalışdığını qeyd edib: “İkinci hissədə oyunçuların yorulması təbiidir. Matç ərzində xeyli enerji sərf etdik. Rəqib topa daha çox nəzarət etdiyindən, biz əsasən pressinqə üstünlük verirdik”.

Mehbalıyev yeni baş məşqçi Valdas Dambrauskasın karyerası haqda da fikirlərini söyləyib: “O, ilk gündən bizə bildirdi ki, inamlı futbolçulara ehtiyacı var. Həmçinin səhv etməyin normal olduğunu söylədi. Bu yanaşma bizdə özümüzəinam yaratdı. Baş məşqçinin kimliyi bizim üçün fərq etmir. Komanda olaraq, hər zaman intizamı qorumuşuq. Futbolda istər-istəməz həm çətin dövrlər, həm də yüksəliş yaşanır. Zaman keçdikcə, əvvəlkindən daha yaxşı olacağımıza əminəm”.

O, “Sabah”da tez-tez baş məşqçi dəyişikliyinin normal hal olduğunu bildirib: “Bu, futbolun tərkib hissəsidir. Futbolçu da istənilən vaxt komandasını dəyişə bilər. Bu qərarlar bizlik deyil. Bizim vəzifəmiz məşqlərdə maksimumu vermək və baş məşqçinin tələblərini yerinə yetirməkdir”.

Nicat Mehbalıyev klubla müqaviləsinin müddətindən də danışıb: “Hazırda “Sabah”la bir illik müqaviləm var. Gələcəkdə nə baş verəcəyini zaman göstərəcək”.

Sonda o, yeni mövsümdə komandasının yüksək hədəflər qoyduğunu qeyd edib: “Keçən mövsüm də çempionluq istəyirdik, amma nəticədə 5-ci olduq. Hər bir futbolçu zirvəni hədəfləməlidir. Niyə də yox?! Klub rəhbərliyi bizə hər cür şərait yaradıb və güclü kollektivimiz var. Biz də istəyirik ki, bu mövsüm çempionluq və ya medallar uğrunda mübarizə aparaq”.

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr