ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində bu görüş — həm keçmiş Qarabağ münaqişəsi dövrünü, həm də İkinci Qarabağ müharibəsindən sonrakı mərhələni nəzərə alsaq — ilk dəfədir ki, belə bir formatda və bu cür şəraitdə keçirilir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Əbu-Dabi görüşünün nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu baxımdan, Əbu-Dabi görüşü Azərbaycanın diplomatik səylərinin və prinsipial mövqeyinin nəticəsi kimi qiymətləndirilə və mühüm uğur hesab oluna bilər:
“Hələ İkinci Qarabağ müharibəsindən əvvəl, yəni Qarabağ münaqişəsinin aktiv mərhələsində də Ermənistanın əsas hədəflərindən biri bu münaqişəni beynəlmiləşdirmək idi. Ermənistan çalışırdı ki, münaqişə prosesinə yalnız Azərbaycan və Ermənistan deyil, digər tərəflər də cəlb olunsun. Bu yanaşma, əslində, münaqişənin həllini daha da çətinləşdirir, prosesi dalana dirəyirdi və nəticədə münaqişə uzun illər boyu öz həllini tapmırdı.
Çünki əgər iki əsas tərəf arasında münaqişəyə üçüncü, dördüncü tərəflər də qoşulursa, bu, qaçılmaz olaraq əlavə mövqelərin və maraqların ortaya çıxmasına səbəb olur. Azərbaycan yalnız Ermənistanı razı salmağa çalışmır, eyni zamanda üçüncü, dördüncü, hətta beşinci tərəflərin irəli sürdüyü fikirlərlə də hesablaşmalı olur. Bu isə Azərbaycanın əlavə arqumentlər ortaya qoyaraq həmin tərəflərlə də diplomatik mübarizə aparmaq məcburiyyətini doğurur”.
Çünki bu əlavə tərəflər münaqişə prosesinə heç də ədalətli, qərəzsiz və neytral mövqedən yanaşmırdılar. Məsələn, Fransa nə keçmiş münaqişə dövründə, nə də ondan sonrakı mərhələlərdə prosesə neytral və ədalətli yanaşmayıb. Eyni vəziyyət ABŞ və Rusiya üçün də müəyyən mənada keçərlidir.
Məhz bu kontekstdə, bu gün Əbu-Dabi görüşünün nəticəsi olaraq Rusiyada müəyyən qüvvələrin narahatlığının artdığını müşahidə edirik. Niyə? Çünki həmin dairələr sülhün bərqərar olunmasını istəmirlər və bu prosesi qəbul etmirlər”.
Politoloq vurğulayıb ki, Azərbaycan ilk dəfə Avropa, ABŞ və ya Rusiya kimi vasitəçilərdən olmadan – yəni Əbu-Dabidə – belə bir görüş keçirə bilib:
“İkinci Qarabağ müharibəsindən sonra keçirilən görüşlər, istər xarici işlər nazirləri, istərsə də dövlət başçıları səviyyəsində olsun, əsasən konkret platformalarda baş tuturdu: ya Vaşinqtonda, ya Brüsseldə, ya da Avropa Siyasi Birliyinin sammitlərinin keçirildiyi Avropa şəhərlərində.
Xüsusilə də Avropada, Fransanın təkidli təşəbbüsləri ilə görüşlərə getdikcə daha çox ölkə qoşulurdu və format üç ölkə üzərinə bir, ya da iki, hətta üç əlavə tərəfin daxil olması ilə daha da mürəkkəbləşirdi. Bu isə, əslində, sülh prosesinin pozulması və mürəkkəbləşməsi demək idi.
Digər tərəfdən, Rusiya platformasında görüşlər əsasən Moskva və Soçidə keçirilirdi. Qeyd etmək lazımdır ki, Rusiya Qarabağ münaqişəsinin yaranmasında və birinci Qarabağ müharibəsində iştirak edən əsas aktorlardan biri olub. Belə olan halda Rusiyanın bu problemi tam həll etməyə səmimi şəkildə çalışdığına inanmaq müəyyən qədər sadəlövhlük olardı.
Hətta sülh sazişi imzalansa belə, Rusiya bu prosesin yalnız öz iştirakı ilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində gerçəkləşməsinə çalışırdı.
İndi artıq Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin birgə təşəbbüsü ilə yeni bir danışıqlar platforması yaradılıb. Bu platformada biz açıq şəkildə gördük ki, Birləşmiş Ərəb Əmirlikləri bu prosesə ədalətli və neytral mövqedən yanaşır. Onlar sadəcə olaraq keçmiş münaqişə tərəflərinə dialoq üçün imkan yaradır və heç bir şəkildə prosesə birbaşa müdaxilə etmək niyyətində olmadıqlarını nümayiş etdirirlər.
Sadəcə olaraq Birləşmiş Ərəb Əmirlikləri tərəflərlə görüşərək onlara dialoq üçün platforma təklif edib və bu prosesin irəliləməsinə şərait yaradıb. Yəni başqa şəkildə prosesə müdaxilə etmək niyyətləri yoxdur.
Düşünürəm ki, bu yanaşma sülh prosesi üçün bir ilkdir. Ola bilər ki, bu dəfə konkret sülh sazişinin imzalanması kimi ciddi nəticə əldə olunmasa da, bu görüş əhəmiyyətli bir başlanğıcdır.
Gələcəkdə bu cür görüşlərin Birləşmiş Ərəb Əmirliklərində və ya BƏƏ kimi neytral mövqe sərgiləyən digər ölkələrin təşəbbüsü ilə davam etdirilməsi, qısa müddət ərzində sülh istiqamətində real nəticələrə gətirib çıxara bilər”.
Xəyal Bəşirov onu da əlavə edib ki, bu gün artıq bir sıra dövlətlər dünyadakı müxtəlif qarşıdurmalarda iştirak edən tərəflər üçün neytral görüş platformalarına çevriliblər:
“Hazırda Səudiyyə Ərəbistanı müxtəlif ölkələr arasında vasitəçilik missiyası həyata keçirir. Bu ölkədə Rusiya ilə Ukrayna, eləcə də Ukrayna ilə ABŞ arasında görüşlər baş tutub. Hətta İranla Amerika Birləşmiş Ştatları arasında aparılan danışıqların keçirildiyi nümunələr də mövcuddur.
Bu, beynəlxalq səviyyədə artıq bir təcrübəyə çevrilib. Hesab edirəm ki, Azərbaycan da bu təcrübədən istifadə edərək sülh prosesində ciddi irəliləyiş əldə edə bilər.
Yəni formalaşmış bu beynəlxalq praktika göstərir ki, biz də eyni yanaşmadan yararlanaraq keçmiş Qarabağ münaqişəsinin həllinə mane olan xarici qüvvələri prosesdən kənarda saxlaya və Ermənistanla ikitərəfli formatda sülh sazişinin imzalanmasına nail ola bilərik”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.