ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda ictimai nəqliyyatda gündəlik yaşanan vəziyyətlərdən biri də sərnişinlərlə avtobus sürücüləri arasında qısa, amma gərgin dialoqlardır.
Avtosfer.az xəbər verir ki, avtobusda sıxlıq yarananda bəzi sərnişinlərin sürücüyə yaxınlaşıb "Kartı vursam, arxadan keçə bilərəm?" sualını verməsindən gedir. Bu sualın cavabı isə sürücüdən sürücüyə dəyişir.
Bəzi sürücülər sərnişinlərin bu istəyini anlayışla qarşılayaraq, sıxlıq zamanı arxa qapıdan keçməyə şərait yaradır. Digərləri isə bunun mümkün olmadığını bildirir. Onların sözlərinə görə, arxa qapıdan sərnişin mindirmək qayda pozuntusudur və bu halda sürücüyə cərimə oluna bilər.
Məsələnin kökündə həm də nəzarət mexanizmlərinin sərtliyi və bəzən qeyri-dəqiqliyi dayanır.
Mövzu ictimaiyyət arasında da birmənalı qarşılanmır. Sərnişinlər bildirir ki, günün pik saatlarında bir nəfərin avtobusun ortasında sıxlığı artırması yerinə arxa qapıdan daxil olması həm hərəkəti sürətləndirir, həm də narahatlığı azaldır.
Mövzu ilə bağlı "BakuBus" MMC-nın mətbuat katibi Əsmər Əliyeva saytımıza açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.29.3-cü bəndinə əsasən, üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsi orta və arxa qapı, minməsi isə birinci qapıdan həyata keçirilir.
"Bu norma ictimai nəqliyyatda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkil olunmasına xidmət edir və yalnız “BakuBus” MMC-yə deyil, ölkə üzrə bütün sərnişindaşıma subyektlərinə şamil olunur.
Lakin bəzi hallarda xüsusilə pik saatlarda sərnişin sıxlığının artdığı zamanlarda, ön qapıda yaranan növbələr səbəbilə bəzən sərnişinlər sürücüdən arxa və ya orta qapıdan minmək üçün icazə istəyirlər. Bu kimi hallar zamanı bəzi sürücülər vəziyyəti idarə etmək məqsədilə operativ qərar verərək müvəqqəti güzəştə gedə bilirlər".
Əsmər Əliyeva qeyd edib ki, bu cür güzəştlər istisna xarakteri daşıyır və qaydaya ziddir.
"Belə hallar baş verdikdə “BakuBus” MMC-nin Onlayn Monitorinq Mərkəzi tərəfindən dərhal araşdırılır. Əgər müəyyən edilərsə ki, sürücü bu qərarı əsaslı səbəb olmadan verib, ona qarşı xəbərdarlıq və ya töhmət kimi inzibati tədbirlər tətbiq olunur. “BakuBus” MMC sərnişinlərə müraciət edərək qanunvericiliklə müəyyən olunmuş bu qaydalara əməl etməyə və avtobuslara yalnız ön qapıdan daxil olaraq kartla ödəniş etməyə çağırır. Bu yanaşma xidmətin şəffaflığını, təhlükəsizliyini və səmərəliliyini təmin etmək baxımından vacib əhəmiyyət daşıyır".
Fidan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.