AZ

Sadə ailə reseptindən 2 milyard manatlıq brendə çevrildi

2014-cü ildə ABŞ-ın Texas ştatında Veronica Garza və ailəsi tərəfindən qurulan “Siete Foods” brendi ənənəvi Meksika tortillalarını qlütensiz şəkildə, badam unu ilə hazırlayaraq sağlam qidalanma ilə mədəni irsi bir araya gətirdi. Sadə ev məhsulu kimi başlayan bu təşəbbüs qısa müddətdə bazarda fərqləndi və sürətlə böyüdü.

Valyuta.az xəbər verir ki, 2022-ci ilə qədər “Siete Foods” ABŞ-ın ən sürətlə inkişaf edən “Latino/Hispanic” mənşəli qida brendinə çevrildi və həmin il şirkətin illik satış dövriyyəsi 250 milyon ABŞ dollarına çatdı.

Məhsullar hazırda ölkə üzrə 40 minə yaxın pərakəndə satış nöqtəsində - o cümlədən “Target”, “Whole Foods” və “Kroger” kimi iri şəbəkələrdə təqdim olunur.

Brendin uğuru beynəlxalq nəhənglərin də diqqətindən yayınmadı. 2024-cü ilin oktyabr ayında “PepsiCo” şirkəti “Siete Foods”un ana şirkəti “Garza Food Ventures LLC”-ni 1,2 milyard dollar qarşılığında almaq barədə ilkin razılıq əldə etdi. Alqı-satqı əməliyyatı 2025-ci ilin yanvarında rəsmiləşdirildi və brend rəsmi şəkildə “PepsiCo” portfelinə daxil edildi.

Analitiklərin qiymətləndirməsinə görə, bu satınalma “PepsiCo” üçün həm “better-for-you” qida kateqoriyasını genişləndirmək, həm də fərqli mədəni qida modellərini inteqrasiya etmək baxımından strateji addımdır. Şirkətin bu əməliyyatdan illik 30 milyon dollara yaxın əlavə gəlir və 50 milyon dollara qədər əməliyyat qənaəti əldə edəcəyi gözlənilir.

Adı yerli bazardan çıxan və ailə məhsulu olaraq başlayan “Siete Foods” qısa müddətdə qlobal qida sektorunda ciddi mövqe qazanan nadir brendlərdən birinə çevrilib. 

Mayya Hüseynova

Seçilən
11
valyuta.az

1Mənbələr