AZ

ABŞ-nin rolu şişirdilir: Əbu-Dabi görüşü Vaşinqtonun diktəsi ilə yox, Bakının təşəbbüsü ilə baş tutdu

Rusiya və Ermənistandakı şovinist dairələr Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki görüşünün təşkilinin arxasında Vaşinqtonun dayandığını irəli sürüblər. Yəni həmin dairələrin məntiqinə görə, Birləşmiş Ərəb Əmirlikləri ABŞ-nin bölgədə əsas müttəfiqlərindən biri kimi Vaşinqtonun təlimatı əsasında Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edib. Bunu həm də onunla izah edirlər ki, görüşdən bir gün əvvəl dövlət katibi Marko Rubio Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı optimist fikirlər söyləyib. Məlum olduğu kimi ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışıb. Rubio qeyd edib ki, ABŞ Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir: "Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və sona çatdırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi, eyni zamanda, Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə - biz dünyada bunu edə biləcək yeganə ölkəyik. Ümid edirəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq". 
ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus də deyib ki, M.Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi: "Dövlət katibinin bu bəyanatı verməsi vacib idi. Biz çoxlu razılaşmalardan, atəşkəsdən və iştirak etdiyimiz dəyişikliklərdən məmnunuq. Dövlət katibinin bunu deməyə əsası var idi və biz daha ətraflı məlumat alanda onları sizə təqdim edəcəyəm".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında Vaşinqtonun maraqlı olmasında qeyri-adi heç nə yoxdur. Ekspert vurğulayıb ki, Bakı ilə İrəvan arasında mümkün razılaşmanın arxasında Vaşinqtonun dayandığı barədə iddialar şişirdilib:

 "Birincisi, Vaşinqtonun istəyinə rəğmən, Bakı ilə İrəvan öz aralarında razılıq əldə etməsəydilər, Əbu-Dabidə görüş baş tutmazdı. Demək, tərəflər arasında uzun müddətdir birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub və bunun əsasında liderlər görüşə və mümkün razılaşmaya ehtiyac duyublar. O ki qaldı, görüşün Birləşmiş Ərəb Əmirliklərində keçirilməsinə, bu dövlətin ABŞ-nin tərəfdaşı olmaqla yanaşı Azərbaycan və Ermənistanla da sıx iqtisadi münasibətləri var. Yəni Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan liderlərinin görüş yeri kimi münasib məkanlardan biri kimi dəyərləndirilib. Bunun üçün Vaşinqtonun xüsusi təklifinə ehtiyacı olmayıb. Böyük ehtimalla görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi Prezident İlham Əliyevin təklifi olub". 

Seçilən
2
1
sherg.az

10Mənbələr