AZ

Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərlə icbari təlimlərə start verilib

Ədliyyə Nazirliyinin kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş imtahanlardan uğur qazanaraq icbari təlimdə iştirak edəcək namizədlərlə Ədliyyə Akademiyasında görüş keçirilib.

APA xəbər verir ki, tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, nazirliyin Müsabiqə Komissiyasının sədri Abiddin Hüseynov açılış nitqi ilə çıxış edərək ədliyyə sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, nazirliyin kadr korpusunun gənc mütəxəssislər hesabına gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və təlimə cəlb edilən namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev çıxış edərək icbari təlim prosesi ilə əlaqədar ətraflı məlumat verib.

Təxminən otuz beş gün davam edəcək icbari təlim zamanı namizədlər həm nəzəri biliklərə yiyələnəcəklər, həm də onlar üçün təcrübə və tanışlıq tədbirləri təşkil ediləcək. Yeni və təkmilləşdirilmiş formatda tərtib edilmiş təlim proqramı ilə namizədlər daha çox praktiki bacarıqlar əldə edərək icra, probasiya və qeydiyyat üzrə tabeli və yerli ədliyyə qurumlarının fəaliyyəti, eləcə də məhkəmələrdə icraat qaydası ilə yaxından tanış olacaqlar.

İcbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Qeyd edək ki, nazirliyin Müsabiqə Komissiyası tərəfindən yekunlaşdırılan 24-cü müsabiqənin söhbət mərhələsində iştirak edən 89 namizəddən 64 nəfəri uğur qazanaraq icbari təlimlərə cəlb edilib.

Ədliyyə Ədliyyə Ədliyyə
Seçilən
7
9
apa.az

10Mənbələr