AZ

İmtahanlarda yeni dövr: Elektron qiymətləndirmə

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsini planlaşdırır. Bu, imtahan sistemində innovativ texnologiyaların tətbiqi baxımından ciddi bir irəliləyiş hesab olunur. Mərkəz tərəfindən artıq dövlət qulluğu və qəbul imtahanlarının bir hissəsi elektron formada keçirilir. Yeni yaradılan elektron imtahan korpusları bu prosesin daha effektiv və kütləvi şəkildə təşkilinə imkan verir.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin sözlərinə görə, kontingenti 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirək. Kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərində təşkil olunacaq: “Qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsi nəzərdə tutulur”.

Elektron imtahan - kompüter vasitəsilə həyata keçirilən qiymətləndirmə üsuludur. Bu sistemdə iştirakçılar suallara lokal server üzərindən cavab verir və nəticələr avtomatik şəkildə emal olunur. Elektron sistemlər insan müdaxiləsini minimuma endirir.  İmtahan bitdikdən dərhal sonra nəticələr əldə olunur. Bu, həm namizəd, həm də təşkilatçı üçün vaxt və resurs qənaətidir. Kağız və çap materiallarına ehtiyac azaldığı üçün bu sistem ekoloji baxımdan daha qənaətcildir.

Sualların bankdan təsadüfi seçilməsi, avtomatik yoxlama və nəticə hesabatı prosesi sürətləndirir.

Təhsil eksperti Ramin Nurəliyev deyir ki, artıq dünya süni intellektə və rəqəmsal texnologiyalara əsaslanan sistemlərə keçid edir. Bu sahədə Azərbaycanda da ilkin nailiyyətlər müşahidə olunur. DİM-in və Elm və Təhsil Nazirliyinin elektron imtahan təcrübəsi artıq var. Hazırda bir sıra imtahanların, o cümlədən, MİQ, sertifikasiya və müəyyən səviyyəli qəbul imtahanları elektron formada keçirilir. Bu təcrübə gələcəkdə daha geniş tətbiq üçün etibarlı əsas yaradır.

Ekspert hesab edir ki, tam elektron imtahan sisteminə keçid üçün ciddi texniki və maliyyə hazırlığı zəruridir: “İnzibati binaların uyğunlaşdırılması, texniki infrastrukturun qurulması, təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün ciddi maliyyə vəsaiti və resurs tələb olunur. Amma bu sərmayə gələcəkdə həm vaxt, həm də insan resurslarına qənaət baxımından geri dönəcək. Fikrimcə, elektron imtahan sisteminə keçidin əsas üstünlüklərindən biri insan faktorunun aradan qaldırılması və nəticələrin daha obyektiv şəkildə qiymətləndirilməsidir. İmtahanların yoxlanılmasına insan əli dəyməməlidir. İnsan faktoru olduqda, istər-istəməz obyektivlik sual altına düşür. Əvvəllər qəbul imtahanlarında yalnız test sualları olduğu dövrdə nəticələr 3 gün ərzində elan olunurdu.

DİM-in sualları elektron şəkildə qiymətləndirməsi bu prosesi xeyli sürətləndirirdi. Lakin son illər imtahanlara yazılı və açıq tipli sualların daxil edilməsi nəticələrin gecikməsinə səbəb olur. Belə ki, bu sualların yoxlanması insan əməyi tələb etdiyindən həm zaman baxımından uzanır, həm də müəyyən subyektiv hallara yol aça bilir. Uzunmüddətli qəbul prosesi isə abituriyentləri tükəndirir. Hazırda ali təhsil müəssisələrinə qəbul prosesi mart ayında ərizə qəbulundan başlayır və sentyabrda ixtisas seçimi və yerləşdirmə ilə yekunlaşır. Bu isə abituriyentlərin yay aylarını uzunmüddətli stress altında keçirməsinə səbəb olur. Təsəvvür edin ki, bir abituriyent mart ayında müraciət edir, bir neçə mərhələdən keçməli olur, imtahanlar, nəticələrin gözlənilməsi, apelyasiya prosesi, ixtisas seçimi və yerləşdirmə mərhələləri aylarla çəkir. Nəticədə, sentyabrın 15-də universitet həyatına başlayan gənc psixoloji cəhətdən yorğun və motivasiyasız olur”.

Ramin Nurəliyevə görə, bütün imtahanlar elektron formada keçirilərsə, nəticələr də avtomatik şəkildə, qısa zaman ərzində elan edilə bilər: “Bu, həm sistemə etimadı artırar, həm də apelyasiya şikayətlərinin sayını azaldar. Rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi imtahan prosesinin daha şəffaf və ədalətli təşkilini mümkün edir. Bütün bu arqumentlər göstərir ki, Azərbaycanda imtahan sisteminin tam elektronlaşdırılması artıq sadəcə plan yox, zərurətə çevrilməkdədir. İnfrastruktur və texnoloji imkanların gücləndirilməsi, insan resurslarının müasir tələblərə uyğunlaşdırılması ilə bu keçid reallaşdırıla bilər. Bu isə ölkənin təhsil sistemində keyfiyyət və şəffaflığın yeni mərhələsinə yol aça bilər”.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, DİM tam rəqəmsal imtahan sisteminə keçid planı prinsipcə müasir texnologiyaların təhsilə inteqrasiyasını ifadə etsə də, Azərbaycanın mövcud təhsil infrastrukturu, müəllim hazırlığı və şagirdlərin bərabər imkanlara malik olmaması kimi əsas problemlər fonunda bu ideyanın reallaşdırılması ciddi suallar doğurur.

Dünyada elektron imtahan sisteminə keçid müəyyən mərhələlərdə və geniş hazırlıq prosesi ilə həyata keçirilib. Lakin Azərbaycanın mövcud reallığı göstərir ki, bu proses ölkənin bütün məktəbləri üçün eyni səviyyədə həyata keçirilə bilməz və məhz bu səbəbdən, mövcud problemlərin nəzərə alınmadan rəqəmsallaşmanın sürətləndirilməsi təhsil sistemində bərabərsizliyi daha da dərinləşdirə bilər.

Birinci problem, infrastruktur məsələsidir. Azərbaycanın şəhər məktəblərinin bir çoxunda kompüter sinifləri və internet təminatı mövcud olsa da, rayon və kənd məktəblərinin əksəriyyətində bu imkanlar çox məhduddur. İnternetin keyfiyyəti, fasiləsiz elektrik enerjisi, müasir kompüter avadanlıqlarının mövcudluğu olmadan tam rəqəmsal imtahan modelinə keçid qeyri-realdır. Elektron imtahan sistemlərinin uğurla tətbiq edildiyi ölkələrdə, məsələn, Estoniya, Finlandiya və Sinqapurda bu keçid təhsil infrastrukturunun əvvəlcədən tam formalaşdırılması və şagirdlərin illərlə bu sistemə hazırlanması ilə həyata keçirilmişdir. Estoniyada rəqəmsal təhsilə keçid 2000-ci illərin əvvəllərindən başlayıb və ölkədə hər bir məktəb sürətli internet, müasir kompüterlər və müəllimlər üçün geniş təlim proqramları ilə təmin edilib. Azərbaycanda isə hələ də yüzlərlə məktəbdə internet problemi qalır, bəzi məktəblərdə isə kompüterlərin sayı məhduddur və onların texniki vəziyyəti zəifdir.

İkinci problem müəllimlərin hazır olmamasıdır. Elektron imtahan sistemi yalnız şagirdlərin kompüter bacarıqlarına deyil, eyni zamanda müəllimlərin bu prosesə uyğunlaşmasına əsaslanır. Azərbaycanda müəllimlərin böyük bir qismi hələ də kağız üzərində aparılan imtahan sisteminə öyrəşib və texnoloji yeniliklərə tam uyğunlaşmayıb. Sinqapurda elektron imtahanlara keçid etməzdən əvvəl bütün müəllimlər üçün uzunmüddətli təlimlər təşkil edilib və onların yeni texnologiyalardan istifadə bacarığı artırılıb. Azərbaycanda isə hələ də müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi üçün sistemli proqramlar yoxdur. Müəllimlər texnologiyadan istifadə etməkdə çətinlik çəkəcəkləri halda, bu, imtahanların keyfiyyətinə və şagirdlərin qiymətləndirilməsinə birbaşa təsir edəcək.

Üçüncü və ən mühüm problem isə şagirdlərin bərabərsizliyidir. Bakı və digər iri şəhərlərdə yaşayan şagirdlər internet və kompüterə çıxış baxımından üstün vəziyyətdədirlər. Lakin rayon və kənd məktəblərində təhsil alan şagirdlər bəzən hətta smartfondan istifadə etmə imkanına belə malik olmurlar. Dünyada elektron imtahan sistemləri tətbiq edilərkən, məsələn, Cənubi Koreyada bu bərabərsizliklər aradan qaldırılmışdır. Orada imtahana qədər bütün şagirdlərə vahid resurslara çıxış imkanı yaradılmış, kompüter bacarıqları xüsusi proqramlarla öyrədilmişdir. Azərbaycanda isə bu proseslər təşkil olunmadan elektron imtahan sisteminə keçid, kənd məktəblərində oxuyan şagirdlərin şəhər məktəblərində oxuyanlarla müqayisədə daha əlverişsiz mövqedə olmasına səbəb olacaq.

Təhsil eksperti bildirib ki, tam elektron imtahan sisteminin təhlükəsizlik məsələləri də ciddi suallar doğurur: “Dünyanın bir çox ölkəsində elektron qiymətləndirmə zamanı informasiya təhlükəsizliyi məsələləri ön plana çıxarılıb. Məsələn, ABŞ və Böyük Britaniyada onlayn imtahan sistemləri tətbiq olunarkən, imtahan suallarının oğurlanması, imtahan zamanı kopyalama hallarının qarşısının alınması üçün xüsusi proqram təminatları hazırlanıb. Azərbaycanda isə DİM-in hazırkı sisteminin belə sızmalarla bağlı problemlərlə qarşılaşdığı məlumdur. Elektron imtahan sistemində məlumat sızmaları, sistemin kənardan müdaxilə ilə manipulyasiya edilməsi riski yüksəkdir. Elektron sistemlərin tətbiqi ilə birlikdə sualların sızdırılması, nəticələrin manipulyasiyası kimi risklər artır. Bu cür halların qarşısını almaq üçün müasir şifrələmə sistemlərinin tətbiqi, məlumatların qorunması üçün beynəlxalq standartlara uyğun mexanizmlərin yaradılması vacibdir. Bu istiqamətdə "Məlumatların mühafizəsi haqqında" Azərbaycan qanunvericiliyi də yenidən nəzərdən keçirilməlidir ki, rəqəmsal imtahan sistemində şəffaflıq və məxfiliyin qorunması təmin edilsin. Prosesin uğurla həyata keçirilməsi üçün regionlarda internet və kompüter təminatı gücləndirilməli, müəllim və şagirdlər üçün rəqəmsal bacarıqları artıracaq təlimlər təşkil olunmalı, kibertəhlükəsizlik və məlumat məxfiliyi üzrə beynəlxalq təcrübəyə əsaslanan tədbirlər görülməli, sistem sınaq mərhələsində kiçik miqyaslı tətbiq olunaraq nəticələr analiz edilməli və problemlər aradan qaldırılmalıdır. Bu tədbirlər həyata keçirilərsə, elektron imtahan sistemi təhsil sahəsində yeni bir mərhələnin başlanğıcı ola bilər. Bu yanaşma, həmçinin, təhsildə şəffaflığı təmin etməklə bərabər, ölkənin rəqəmsal transformasiyasına töhfə verəcək”.

Kamran Əsədov deyir ki, Azərbaycanın elektron imtahan sisteminə keçidi yalnız müəyyən addımlarla və mərhələli şəkildə həyata keçirilməlidir: “Dünyada elektron imtahan sistemlərinə keçid uğurla həyata keçirilən ölkələrin təcrübəsi göstərir ki, bu proses uzunmüddətli hazırlıq tələb edir və yalnız texniki, pedaqoji və sosial hazırlıq başa çatdıqdan sonra effektiv şəkildə tətbiq edilə bilər. Əgər Azərbaycan hökuməti və DİM bu keçidi reallıqları nəzərə almadan sürətləndirsə, nəticədə sistemin uğursuzluğu və şagirdlərin haqsız qiymətləndirilməsi kimi problemlər qaçılmaz olacaq. Bu səbəbdən, elektron qiymətləndirməyə keçid yalnız bütün texniki və sosial infrastruktur tam hazır olduqdan sonra reallaşdırılmalıdır”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov vurğulayıb ki,  kifayət qədər şəffaf və özünü hər zaman doğrultmuş bir qurum olan DİM yeniliklərə, innovativ təşəbbüslərə və müasir beynəlxalq tələblər çərçivəsində fəaliyyət göstərməyə daim maraqlıdır: “Bu istiqamətdə davamlı və ardıcıl işlər görülür. Mərkəz artıq elektron imtahanların tətbiqi ilə bağlı müvafiq bazanı formalaşdırıb. Bu elektron baza ilkin mərhələdə olsa da, gələcəkdə rəqəmsallaşmaya keçidin daha geniş şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Bu kifayət qədər böyük infrastruktur layihəsidir və müasir yanaşmanı əks etdirir. Düşünürəm ki, imtahanların rəqəmsal formata keçidi mühüm yeniliklər gətirə bilər. Belə ki, eyni anda rəqəmsal formada imtahan verən, onlayn qeydiyyatdan keçən şəxslərin bilik və bacarıqlarının qiymətləndirilməsi daha sistemli həyata keçiriləcək. Bu mərkəzin idarə etdiyi sistem çərçivəsində fəaliyyət göstərərək imtahan verənlər üçün yeni üstünlüklər təmin ediləcək və qiymətləndirmə prosesi daha şəffaf və səmərəli olacaq. İlk növbədə, daha geniş formatlı imtahanların keçirilməsi planlaşdırılır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin və ya xüsusi ixtisaslar üçün qəbul proseslərinin rəqəmsallaşdırılması kimi genişmiqyaslı layihələr həyata keçiriləcək. Bu layihələr sayəsində eyni anda 1500 nəfərin imtahan prosesində iştirak etməsi mümkündür. Rəqəmsal imtahanlar vasitəsilə bu cür kütləvi qiymətləndirmə prosesləri daha asanlıqla idarə ediləcək”.

İ.Orucovun sözlərinə əsasən, gələcəkdə bu infrastrukturun genişləndirilməsi və bütün bölgələrdə müasir texnologiyaların tətbiqi ilə yeni imtahan mərkəzlərinin yaradılması planlaşdırılır: “Dövlət imtahanlarının artıq rəqəmsal formada və elektron qeydiyyat sistemi ilə həyata keçirilməsi təcrübəsi gələcəkdə digər səviyyələrdə, məsələn, magistratura imtahanlarında da tətbiq edilə bilər. Bu, imtahanların keçirilmə prosesini daha effektiv və rahat edəcək. Eyni zamanda magistratura imtahanlarının da bu formada keçirilməsi mümkün ola bilər. Bu, iştirakçıların prosesdə daha az çətinliklə üzləşməsinə kömək edəcək. Dünya dəyişir və rəqəmsallaşma artıq bütün sahələrdə geniş vüsət alır. Eləcə də, gələcəkdə beynəlxalq təcrübələr öyrənilməklə imtahanların bu formatda keçirilməsi DİM-in keyfiyyətli və daha sürətli şəkildə işlər görmək imkanını artırır. Burada çox vacib məsələlərdən biri odur ki, müasir dünyada zaman böyük önəm daşıyır. Qısa zaman ərzində insanların nəticələrinin və imtahan prosesinin idarə olunması, həmçinin zamana verilən önəmin bir daha təsdiqlənməsini təmin edəcək. Bu yanaşma həm effektivliyi artırır, həm də müasir tələblərə cavab verir”.

Ekspert yeniliklərdən istifadə zamanı çətinliklərin yaranmayacağını bildirib: “Çünki imtahan verənlər müasir dövrün insanlarıdırlar. Onlar rəqəmsal bacarıqlara malikdirlər. Müasir planşetlərdən, texnologiyalardan, smartfonlardan və kompüterlərdən istifadə etmək bacarıqları var. Əsas məqam isə keyfiyyətli internet təminatı və müasir kompüterlərin mövcudluğudur. Artıq DİM-in yaratdığı elektron imtahan mərkəzi bu imkanlara malikdir. Bu sistemin tətbiqi daha faydalıdır. Kağız formatından rəqəmsal formata keçid müasirliyin, zamana dəyər verməyin və şəffaflığın qorunmasının əyani nümunəsi kimi özünü göstərəcəkdir”.

Bir çox ölkə, texnologiyanın inkişafı ilə imtahan sistemlərini rəqəmsallaşdıraraq həm effektivliyi artırmaq, həm də şəffaflığı təmin etmək məqsədi ilə elektron imtahanlara keçid edib.

Məsələn, Estoniya rəqəmsal idarəçilikdə dünyanın liderlərindəndir. Təhsil sistemi tam elektronlaşdırılıb; buraya elektron gündəlik, qiymətləndirmə və imtahan sistemləri daxildir. Sözügedən ölkədə dövlət imtahanları da elektron formada keçirilir.

Norveçin orta məktəblərində və universitetlərdə imtahanların çoxu elektron formada keçirilir. Mərkəzləşdirilmiş rəqəmsal imtahan platformaları mövcuddur.

Birləşmiş Ərəb Əmirliklərində də smart təhsil təşəbbüsləri çərçivəsində imtahanlar elektron formata keçirilir. Xüsusilə ali təhsil və dövlət məktəblərində rəqəmsal qiymətləndirmə geniş tətbiq olunur.

Sinqapurda "Smart Nation" təşəbbüsü çərçivəsində təhsil sektorunda da rəqəmsallaşma aparılır. Orta və ali təhsildə elektron imtahanlar tətbiq olunur.

Hindistanda xüsusilə mühəndislik və dövlət xidmətlərinə qəbul imtahanları (JEE, NEET, UPSC prelims) üçün elektron sistemlərdən istifadə olunur. National Testing Agency (NTA) vasitəsilə imtahanlar kompüter əsaslı keçirilir.

Qonşu Türkiyədə də elektron imtahanlar (e-sınav) xüsusilə sürücü vəsiqəsi, müəllimlik və digər dövlət imtahanları üçün tətbiq olunur. ÖSYM və MEB tərəfindən bəzi imtahanlar artıq kompüter əsaslı keçirilir.

Nərmin Qarazadə

Seçilən
10
azedu.az

1Mənbələr