AZ

Azərbaycanda gənclərin öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait var - İcraçı direktor

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev gənclərin cəmiyyətin bütün sferalarında fəaliyyətini daim yüksək qiymətləndirir və dəstək göstərir.

TurkicWorld xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

İcraçı direktor bildirib ki, dövlət başçısının səsləndirdiyi fikirlər yeni nəslin doğru yolda irəliləməsində ən böyük motivasiya, ilham mənbəyidir:

“Gənc nəslin nümayəndələri, xüsusən də Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclər Vətən müharibəsində əsas missiyanı yerinə yetirməklə dövlət başçısının dahi uzaqgörənliklə ifadə etdiyi əminliyini və böyük etimadını doğrultdular.

Prezident İlham Əliyevin bu istiqamətdə formalaşdırdığı ictimai-siyasi gündəmin uğurlarında Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük xidmətləri olduğunu vurğulamaq lazımdır.

Birinci xanım hər zaman ailə, uşaq və gənclərlə bağlı dövlət siyasətinə dəstək verib, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələri əhəmiyyətli rol oynayıb”.

Ə.İsmayyılov əlavə edib ki, Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait mövcuddur.

“İnanırıq ki, istedadlı gənclərimiz öz bilik və bacarıqlarını media sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklər və bu prosesdən qazanan Azərbaycan mediası, bütövlükdə ictimai fikrimiz olacaq”, - deyə o vurğulayıb.

Seçilən
17
3
turkic.world

4Mənbələr