AZ

Professor Nazim Müzəffərli Milli Aviasiya Akademiyasında “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda çıxış edib

Milli Aviasiya Akademiyasında (MAA) “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda Elmi Seminar keçirilib. Tədbirdə Milli Aviasiya Akademiyasınnın (MAA), Elm və Təhsil Nazirliyi (ETN) İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı, UNEC-in, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tədqiqatçıları qatılıblar. 

MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov seminarı giriş sözü ilə açaraq təmsil etdiyi akademiyanın yaranma tarixi, əsas fəaliyyət  istiqamətləri, müasir infrastrukturu, təhsil və təlim prosesi barədə məlumat verib.  O, professor Nazim Müzəffərlinin rəhbərliyi ilə ETN İqtisadiyyat İnstitutunda işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması sahəsində aparılan fundamental elmi tədqiqatlardan danışıb, onların elmi və praktiki əhəmiyyətini qeyd edib,  ictimaiyyət və tədqiqatçılar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. 

Sonra ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.  Məruzəçi Ermənstanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizi işğal etməsi nəticəsində vurulmuş zərərin hesablanması üçün hazırlanmış metodologiya barəsində geniş məlumat verib. Bu vaxta qədər dünyada zərərin qiymətləndirilməsi üzrə bir neçə fərqli metodologiyanın tətbiq olunduğunu qeyd edərək bildirib ki, bunların heç biri uzunmüddətli (çoxillik) işğal dövründə vurulmuş ziyanın hesablanması üçün yetərli deyil. Ona görə də Azərbaycanda bu problemin həllinə yeni metodoloji yanaşma tətbiq edilib.

2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Ermənistanın işğalı nəticəsində Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi üzrə o zaman Maliyyə naziri olan Samir Şərifovun rəhbərliyi ilə müxtəlif nazirliklərin, dövlət komitə və agentliklərinin rəhbər şəxslərinin daxil edildiyi dövlət komissiyası yaradılıb. Hesabatın hazırlanmasında, komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupla yanaşı İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı da iştirak edib.

Məruzəçi ümumi metodoloji problemləri və onların necə həll olunduğunu göstərməklə yanaşı, insan itkiləri ilə bağlı mənəvi zərərin, daşınar və daşınmaz əmlak üzrə ziyanın, iqtisadi itkilərin, minalarla çirkləndirilmənin, ətraf mühitə vurulmuş zərərin və digər bu cür komponentlərin hesablanması və qiymətləndirilməsinin metodologiyası, alət və üsulları haqqında danışıb. Bu yeni  metodologiya əsasında qiymətləndirməyə görə, Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərin ümumi həcmi təqribən 250 milyard manat (150 milyard ABŞ dolları) qədərdir.

Sonda N.Müzəffərli iştirakçıların çoxsaylı suallarını cavablandırıb (economics.org.az).

Seçilən
4
4
xalqqazeti.az

5Mənbələr