AZ

“Müqaviləni yenilədik, daha 1 il çempionun heyətində yer alacam”

"Kapitan olaraq məsuliyyətimizi, bizdən gözləntiləri anlayırıq. "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında yer aldığı F qrupunun favoritidir".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisi və "Araz-Naxçıvan"ın qapıçısı Emin Kürdpv deyib deyib.

Geridə qalan mövsümü dəyərləndirən kapitan UEFA Çempionlar Liqasının püşkü haqda danışıb:

“Çətin bir mövsüm keçirdik. Maraqlı görüşlər oldu. Çempion olmaq tapşırığını yerinə yetirdik və buna görə şadam. Əlbəttə, asan olmadı, yenildiyimiz, heç-heçə etdiyimiz matçlar oldu. İndi hədəf UEFA Çempionlar Liqasında yaxşı nəticələr qazanmaqdır. Artıq püşk atılıb. Qrupumuzun ən reytinqli komandasıyıq. Yəni kağız üzərində favorit “Araz-Naxçıvan”dır. İndi biz bunu meydanda da sübut etməliyik. İyulun sonlarında hazırlığa başlayacağıq. Yaxşı toplanış keçib məqsədə doğru yola çıxacağıq".

Kürdov rəqibləri haqda məlumatlı olduqlarını diqqətə çatdırıb:

"Rəqiblərimiz arasında tanış olanı var. “Sparta” ilə ötən mövsümdə də qarşılaşmışdıq və 7:1 hesabı ilə qələbə qazanmışdıq. Şotlandiya və Avstriya çempionları bizim üçün müəmmalıdır. Oyunlara qədər məşqçilər korpusu lazım olan məlumatı toplayacaq və necə oynamalı olduğumuzu bildirəcəklər. İstənilən halda, məqsəd dəyişməyir: əsas mərhələyə vəsiqə qazanmaq. Buna nail olmaq, “Araz-Naxçıvan”ın əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Heyətimiz də gücləndirilir. Yeni transferlərimiz hazırlığın ilk günündən komandaya qoşulacaqlar”.

Qolkiper komandası ilə yeni müqavilə bağladığını söyləyib:

"Karyeram baxımından da qarşıdakı 3 matç çox vacibdir. Çünki çempionluğa gedən yolda komandama bacardığım qədər kömək edə bildim. Bunu məşqçilərimiz də hər dəfə qeyd edirdilər. İndi beynəlxalq arenada bunun davamını gətirməliyik. “Araz-Naxçıvan”la başa çatan müqaviləni yenilədik. Daha bir il ölkə çempionunun heyətində yer alacağam. Bu imkanı yaratdığına görə klub rəhbərliyinə təşəkkür edirəm, etimadı doğrultmağa çalışacağam".

Yevgeni Kukseviçin baş məşqçisi olduğu "Araz-Naxçıvan" Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.

Seçilən
8
sportinfo.az

1Mənbələr