AZ

Masazırda son dəqiqənin hökmü

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Çelye”yə məğlub olub – 2:3. “Bayquşlar” matçda hesabı açıb, daha sonra bir dəfə də önə keçməsinə baxmayaraq, üstünlüyü son dəqiqədə əldən verib. Sloveniya təmsilçisi 90+3-də standart vəziyyətdən fərqlənməklə qələbə qazanan tərəf olub.

Ev məğlubiyyətindən sonra “Sabah”ın növbəti mərhələ şansları minimuma enib. Bakıdakı oyunda üstün futbol sərgiləyən “Çelye”nin cavab qarşılaşmasında daha dinamik oynayacağı ehtimal edilir.

“Sabah” həm də yeni baş məşqçisi Valdas Dambrauskasın rəhbərliyi altında ilk rəsmi matçından məyus ayrıldı. Birinci hissədə daha təzyiqli oynayan “Sabah” fasilədən sonra geri çəkilməyə məcbur oldu. “Çelye”nin ikinci hissədə ilk epizoddaca fərqlənməsi komandanın müqavimətini qırdı. Bundan sonra topa daha çox sahib olan, qol axtarışında olan sloveniyalılar bəzi anlarda müdafiədə boşluq versə də, “Sabah”ın oyunçuları bu şansları boşa verdi. Qərar verməkdə gecikən “bayquşlar” sonda buraxılan qolla azarkeşlərini üzdü.

“Bank Respublika Arena”da yaxşı atmosfer var idi. Təxminən 7 min azarkeş “Sabah”ı dəstəkləmək üçün tribunada yerini almışdı. Gələnlərin demək olar hamısı qələbəyə ümid edirdi. Heç-heçəyə razı olunan bir vaxtda buraxılan qol həm məyusluq yaratdı, həm də tur şanslarını çətinə saldı.

“Çelye”nin keyfiyyət üstünlüyü meydanda hiss olundu. Oyunçuların rahat davranışları, itirlən toplara gecikmədən reaksiyaların verilməsi rəqibin keyfiyyətindən xəbər verirdi.

Komandalar arasındakı cavab görüşü iyulun 17-də olacaq. “Sabah” səfərdə ilk növbədə qol buraxmamağa çalışmalıdır. “Çelye”nin erkən qolu planları poza, böyükhesablı məğlubiyyətə gətirib çıxara bilər.

Şahin Cəfərov

Seçilən
9
1
futbolpress.az

2Mənbələr