ain.az bildirir, Xalq qazeti portalına istinadən.
Təkcə dəmir yolu ilə ildə 75 milyard dollarlıq yük daşınır
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mediaya müsahibəsində bildirib ki, Türkiyə ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) illik 75 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi potensialına malikdir. Eyni zamanda, geosiyasi gərginlik, xüsusilə İran və İsrail arasında kəskinləşmə qlobal logistika marşrutlarının şaxələndirilməsinin zəruriliyini bir daha təsdiqləyir.
Orta Dəhliz boyunca yerləşən ölkələrin nəqliyyat nazirləri ilə görüşlər, həmçinin avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı sektorlarından aparıcı nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masalar keçirilməsinin planlaşdırılması da məhz bu amillə bağlıdır. Nazirin sözlərinə görə, Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakimiyyəti illərində Türkiyə nəqliyyat və kommunikasiya infrastrukturuna, təxminən, 293,5 milyard ABŞ dolları məbləğində investisiya yatırıb. Mərkəzində Türkiyənin olduğu Orta Dəhliz dəmir yolu ilə 21 ölkəni birbaşa birləşdirir və qlobal ticarətin mühüm həlqəsinə çevrilir. Əgər Süveyş kanalı ilə yük daşınması orta hesabla 35 gün, Ümid Burnu ilə 45 gün çəkirsə, Orta Dəhliz ilə bu müddətin 15 gündən az olacağı gözlənilir.
A.Uraloğlu qeyd edib ki, hazırda dəmir yolu şəbəkəsinin 651 kilometr uzunluğunda əsas hissələrində (Halkalı–Kapıkule, Gebze–Köseköy, Yerköy–Kayseri, Kars–Aralık–Dilucu, Sivas–Zara daxil olmaqla) işlər davam etdirilir, həmçinin ümumi uzunluğu 1394 kilometr olan yeni layihələr hazırlanır. Bu investisiyalar sayəsində Orta Dəhliz üzrə illik daşımaların həcminin 6,5 milyon tona çatacağı gözlənilir. Təkcə marşrutun dəmir yolu komponenti üzrə illik 75 milyard dollarlıq ticarət dövriyyəsi potensialı olduğu bildirilir.
Xatırladaq ki, 2024-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Bu məqamda onu da qeyd edək ki, Qazaxıstan da Orta Dəhlizin sürətli inkişafında maraqlıdır. Bu ölkə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsas sütunlarından birinə çevrilən Orta Dəhliz kimi tanınan nəqliyyat-logistika marşrutu getdikcə daha strateji önəm daşıyır, iqtisadi əməkdaşlığın əsas amillərindən birinə çevrilir. “Astana” Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun birgə hesabatında bu barədə deyilir: “Son 3 il ərzində Orta Dəhliz üzrə yükdaşımaların həcmi 5 dəfədən çox artaraq 2021-ci ildəki 840 min tondan 2024-cü ildə 4,5 milyon tona çatıb. Ötən illə müqayisədə artım 62 faiz təşkil edib. Marşrutda iştirak edən ölkələrin qarşısına 2030-cu ilə qədər yük axınını 10 milyon tona çatdırmaq, eyni zamanda, yükdaşıma müddətini 53 gündən 23 günə qədər azaltmaq və bu göstəricini 15 günədək qısaltmaq qarşıya mühüm vəzifə kimi qoyulub.
Qazaxıstan və Azərbaycan tarixən yaxın münasibətlərə malik olublar. Hər iki ölkə türk dövlətləri ailəsinin fəal üzvüdür və regional əməkdaşlığın möhkəmlənməsində birgə maraqlıdır. Orta Dəhlizin inkişafı bu əməkdaşlığın iqtisadi dayağını gücləndirir. Qazaxıstan Xəzər dənizi vasitəsilə Azərbaycan limanlarına çıxış əldə etməklə öz məhsullarını Avropa bazarlarına çatdırmaqda mühüm üstünlüklər qazanır. Azərbaycan isə regionda logistik mərkəz kimi rolunu gücləndirir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Orta Dəhliz Asiya və Avropa bazarlarını birləşdirən əsas ticarət arteriyalarından biri olmaqla, yükdaşımaların həm çevikliyini, həm də təhlükəsizliyini təmin edir. Qazaxıstan və Azərbaycan bu marşrutda yalnız tranzit ölkələr kimi deyil, həm də logistika mərkəzləri kimi çıxış edirlər. Xəzər dənizi vasitəsilə bu iki ölkə arasında daşımaların genişlənməsi regionda yeni iqtisadi imkanlar yaradır.
Orta Dəhliz çərçivəsində irimiqyaslı infrastruktur layihələrinə beynəlxalq maliyyə qurumlarının marağı artır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və digər qurumlar dəhlizin inkişafına dair layihələri dəstəkləyirlər. Bu, bir tərəfdən bölgəyə xarici investisiya axınını sürətləndirir, digər tərəfdən iştirakçı ölkələrin nəqliyyat və logistika imkanlarını dünya standartlarına uyğunlaşdırır.
Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar da xüsusi qeyd olunmalıdır. “Bir pəncərə” prinsipinin tətbiqi, elektron sənəd dövriyyəsinin genişlənməsi və gömrük əməliyyatlarının avtomatlaşdırılması tranzit proseslərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Bu, həm də korrupsiya risklərini azaldır və yükdaşımalarda şəffaflığın təmin olunmasına xidmət edir.
Nəticə etibarilə, Orta Dəhliz təkcə yükdaşımaları sürətləndirən iqtisadi arteriya deyil, həm də regional sabitliyin və əməkdaşlığın güclənməsinə xidmət edən strateji platformadır. Qazaxıstan və Azərbaycan bu platformada birgə fəaliyyət göstərməklə nəinki milli maraqlarını təmin edir, həm də Avrasiyada yeni iqtisadi nizamın formalaşmasına töhfə verirlər. Bu baxımdan, Orta Dəhliz gələcək onilliklərdə regionun inkişaf lokomotivlərindən biri olacaq.
Orta Dəhliz Rusiya üzərindən keçən Şimal marşrutundan fərqli olaraq daha dayanıqlı və şaxələndirilən tranzit imkanı təklif edir ki, bu da geosiyasi münaqişələr və sanksiyalarla bağlı risklərin azalmasına əlverişli şərait yaradır. Yalnız nəqliyyat funksiyası ilə kifayətlənməyən bu dəhliz, eyni zamanda, regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoruna çevrilərək, infrastrukturun, sənayenin inkişafını və yeni iş yerlərinin yaradılmasını stimullaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) proqnozlarına da yer verilir. Bankın hesablamalarına görə, Mərkəzi Trans-Xəzər marşrutu üzrə konteyner daşımalarının həcmi 2022-ci ildəki 18 min TEU-dan 2040-cı ildə 130 min TEU-ya çatacaq. Əgər böyük infrastruktur layihələri həyata keçirilərsə, bu rəqəm 865 min TEU-ya qədər yüksələ bilər ki, bu da mövcud göstəricidən 48 dəfə çoxdur. Dünya Bankı isə 2030-cu ilə qədər yükdaşımaların üç dəfə artaraq ildə 11 milyon tona çatacağını proqnozlaşdırır.
AYİB-nin hesabatına əsasən, Orta Dəhlizin inkişafına töhfə verən mühüm amillər sırasında nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sistemlərin qarşılıqlı uyğunluğunun artırılması və dövlət – özəl tərəfdaşlığının genişləndirilməsi qeyd olunub. Bundan əlavə, sənəddə “Astana” Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçmiş şirkətlərin Orta Dəhlizin təşviqində oynadığı fəal rola da toxunulub. Belə ki, Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu şirkətlərini birləşdirən “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin Çin və Avropa arasında multimodal daşımaların rəqəmsallaşdırılması və optimallaşdırılması üzərində müvafiq layihə reallaşdırdığı bildirilib.
Bütün bunlar deməyə əsas verir ki, son illərdə Avrasiya məkanında nəqliyyat-logistika infrastrukturunun inkişafında baş verən dönüş nöqtələrindən biri Orta Dəhlizin aktuallaşması və geosiyasi əhəmiyyətinin artması ilə bağlıdır. Bu dəhliz Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən strateji multimodal marşrut olmaqla, həm regional, həm də qlobal ticarət münasibətlərində mühüm rol oynayır. Xüsusilə, Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşməsində Orta Dəhliz körpü funksiyası daşıyır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.