AZ

“Dark pattern” nədir? -Saytlar istifadəçiləri necə aldadır?

İstifadəçiləri manipulyasiya edən dizayn fəndləri və onların biznesə təsiri internetdə gəzərkən bəzən elə qərarlar veririk ki, sonradan bunların bizə necə təsir etdiyini tam anlamırıq. Bir düyməni klikləyirik, abunə olur, razılaşır, məlumatlarımızı paylaşırıq. Bəs bu qərarları doğrudan da biz öz istəyimizlə veririk, yoxsa müəyyən dizayn elementləri bizi buna yönləndirir?

Valyuta.az xəbər verir ki, bu “Dark pattern” (qaranlıq naxış) və ya “aldadıcı dizayn” adlanan anlayışdır ki, istifadəçiləri əslində istəmədikləri qərarları verməyə təhrik edən dizayn üsullarını ifadə edir. Bu üsullar vebsayt və mobil tətbiqlərdə istifadəçilərin xəbəri olmadan abunə olmasına, şəxsi məlumatlarını paylaşmasına və ya reklam e-poçtlarına razılıq verməsinə səbəb ola bilər. Qlobal miqyasda rəqəmsal mühitin daha da mürəkkəbləşməsi fonunda həm bizneslər, həm də istifadəçilər bu manipulyativ metodlara qarşı daha ayıq olmalıdır.

Niyə “dark pattern”lər təhlükəlidir?

Bəzi şirkətlər bu dizaynları analitik göstəricilərini yaxşılaşdırmaq və istifadəçi məlumatlarını toplamaq üçün istifadə etsə də, bu yanaşmalar qanunvericiliyə ziddir və rəqəmsal etikaya uyğun deyil. Avropa İttifaqının GDPR qaydaları, Kaliforniya Məxfilik Qanunu (CPRA), Uşaq Onlayn Məxfiliyi Qoruma Aktı (COPPA) və ABŞ Federal Ticarət Komissiyasının tənzimləmələri bu cür manipulyativ dizayn üsullarını qadağan edir.

2022-ci ildə Fransanın məlumatların qorunması orqanları "Google" və "Meta" şirkətlərini dark pattern istifadə etdikləri üçün müvafiq olaraq 170 milyon və 68 milyon dollar cərimələyib. Qanunlara tabe olmayan şirkətlər yalnız cərimə riski ilə deyil, müştəri etibarının itirilməsi və brend zədələnməsi ilə də üzləşə bilər.

Dark pattern-lərin psixoloji əsasları

İnsan beyni gündəlik qərarların çoxunu qısa yol (heuristika) ilə verir. Bu, bizi analizdən yayınaraq sürətli qərar verməyə vadar edir. Məhz bu sürətli qərarvermə mexanizmləri, yəni idrak qərəzləri (cognitive biases) - "dark pattern"lərin təsir dairəsinə düşür. Məsələn, istifadəçiyə əvvəlcədən seçilmiş (preselected) seçim təqdim olunarsa, o, bu seçimin doğru olduğunu güman edir və təsdiqləyir. Və ya daha diqqətçəkən rənglə verilmiş düymə istənilən reaksiyanı almaq üçün vizual üstünlük kimi istifadə olunur.

Ən çox rast gəlinən 7 "dark pattern" növü:

Məcburi hərəkət (Forced action): Əgər istifadəçi məlumat paylaşmaq istəmirsə, tətbiq onu əvvəlcə sorğuda iştirak etməyə məcbur edir.

Çıxışı çətinləşdirmək (Hard to cancel): Abunəliyi ləğv etmək və ya məlumat emalına etiraz etmək üçün çoxsaylı kliklər tələb olunur.

Təkrarlanan xatırlatmalar (Nagging): Hər səhifə keçidində məlumat emalı ilə bağlı razılıq yenidən tələb olunur.

Məqsədin qarşısını almaq (Obstruction): İstifadəçi məlumat emalına razılıq vermədikdə saytın sürəti qəsdən azaldılır və ya istifadə çətinləşir.

Gizlətmək (Sneaking): Məlumat yalnız analitik məqsədlərlə istifadə olunacaq deyilsə də, əslində üçüncü tərəflərə satılır.

Aldadıcı mətn (Trick wording): Məlumatlar satılacaq deyə açıq yazılmır, istifadəçi yalnız diqqətlə oxusa, bunun fərqinə vara bilər.

Vizual müdaxilələr (Visual interference): Etiraz və çıxış seçimləri kiçik şriftlərlə və ya aşağı kontrastla təqdim olunur ki, istifadəçi bunu görməsin.

"Dark pattern" olmadan da uğurlu olmaq mümkündür

Qanun pozuntuları, müştəri narazılığı və etikaya zidd addımlar yalnız qısamüddətli qazanclar gətirə bilər. Araşdırmalar göstərir ki, şəffaf və dürüst məlumat emalı siyasətləri olan şirkətlər daha yüksək brend dəyərinə malik olur və uzunmüddətli etibar qazanır. Məsələn, istifadəçi təcrübəsində lider olan şirkətlərin səhmlərinin gəlirliliyi, təcrübədə geri qalanlara nisbətən 3,4 dəfə yüksək olur.

Texnologiyanın etik tətbiqinə önəm verən platformalar, məsələn Osano, təşkilatlara məlumat emalını şəffaf idarə etmək üçün texnoloji həllər təqdim edir.

Sərvanə Rəmixanova

Seçilən
24
valyuta.az

1Mənbələr