AZ

Ermənistanda dərin siyasi böhran yaşanır

Ermənistanda mövcud hakimiyyətlə keçmiş iqtidar təmsilçiləri arasında qarşıdurma və ziddiyyətlər getdikcə daha kəskin xarakter almağa başlayır. Belə bir şəraitdə keçmiş hakimiyyət təmsilçilərinin törətdikləri çoxsaylı cinayətlər iqtidara onlara qarşı hüquq müstəvisində cəza tədbirləri tətbiq etməyə əlverişli şərait yaradıb. Elə bunun nəticəsidir ki, onların bir çoxu həbsə atılıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti "Daşnaksütyun" partiyasının üzvlərinin evlərində axtarış həyata keçirib. Axtarışlar partiya üzvü, parlamentin deputatı Qeqam Manukyan, partiyanın ali orqanının aparat rəhbəri Vaqan Matinyan, "Yeğvard" icması şurasının üzvü, Ermənistan "Daşnaksütyun" Gənclər İttifaqının Mərkəzi İdarəsinin sədri Gevorq Muradyanın evlərində aparılıb. Əməliyyatın gedişində Qeqam Manukyanın telefonu müsadirə olunub, oğlu Taron Manukyan isə saxlanılıb.

Ermənistanın İstintaq Komitəsindən verilən məlumata görə, terror aktlarının hazırlanması faktı ilə bağlı başlanmış cinayət işi üzrə 7 nəfər saxlanılıb. Faktla bağlı təxirəsalınmaz istintaq və prosessual hərəkətlər aparılır. Ermənistan Respublikası İstintaq Komitəsinin İrəvan şəhərinin İstintaq İdarəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin terrorizmə hazırlıq faktı üzrə 43-308-ci maddəsinin 1-ci hissəsində və 335-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətlər əsasında başlanmış cinayət işi çərçivəsində həyata keçirilmiş genişmiqyaslı istintaq və prosessual hərəkətlər nəticəsində, o cümlədən odlu silahın, onların hissələrinin, döyüş sursatının və digər materialların, cihazların, əşyaların, bir sıra ünvanlarda aparılan axtarışlar zamanı qanunsuz dövriyyədə olan məsafədən işə salınması üçün nəzərdə tutulmuş elektrik partlayıcı (detonator), onun komponentləri, döyüş qumbarası, döyüş qumbaraatanlarının (qoruyucu) qanunsuz dövriyyəsi, barıt, radiorabitə avadanlıqları və təhqiqat üçün maraqlı olan digər əşyalar və obyektlər aşkar edilib.

Bu fonda Ermənistan parlamentinin "Hayastan" fraksiyasının katibi Artsvik Minasyan deyib ki, parlamentin plenar iclas zalında baş verən dava təsadüfi deyil. Hakimiyyət müxalifətə qarşı genişmiqyaslı hücuma keçib. İclas zalında baş verən insidentlə bağlı danışan Minasyan bildirib ki, "Hayastan" fraksiyasının üzvü Artur Sarkisyanın hakimiyyətin hərəkətlərini, mövcud vəziyyəti tənqid edən çıxışından sonra hakim partiyanın üzvləri çıxıb hay-küy salmağa başlayıblar və bunun ardınca "Vətəndaş Müqaviləsi" fraksiyasının üzvləri dava salıblar.

Deputat qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının davranışı qəzəb doğurur: "Onlar zorakılığı dayandırmaq əvəzinə, nəinki müdaxilə etmirdilər, hətta müxalifəti cilovlamağa çalışırdılar, hakim partiyanın nümayəndələrinə aqressiyalarını davam etdirməyə imkan verirdilər. Üstəlik, MTX təxribatlarda iştirak edən və özlərini qəbuledilməz aparan mülki geyimli şəxslərin zala daxil olmasına icazə verdi".

Onu da qeyd edək ki, müharibədə məğlubiyyətin səbəbləri ilə əlaqədar Ermənistanda hər gün müxtəlif səpkidə fikirlər səslənməkdədir. Bu mövzuda Paşinyan hakimiyyəti ilə keçmiş iqtidarların təmsilçiləri arasında kəskinləşən qarşıdurma yeni siyasi çəkişməyə səbəb olub.  Belə ki, keçmiş baş nazirin müavini Armen Gevorqyan Qarabağdakı müharibənin səbəbləri və erməni tərəfinin məğlubiyyəti ilə bağlı məqalə yazıb. Qeyd edib ki, Nikol Paşinyan və komandası Qarabağ probleminin həllini Ermənistan iqtisadiyyatına sürətli investisiyaların cəlb edilməsinin və möhkəmlənməsinin qarantı kimi gördü.

Ermənistan rəhbərliyinin səhvlərindən danışan Gevorqyan bildirib ki, Paşinyan hakimiyyətdə olduğu illərdə bir neçə strateji səhv edib. Bu səhvlər isə hazırda məlum olan nəticələrə gətirib çıxarıb. O, Paşinyanın Qarabağ məsələsində "sürətli və dinc həll yolu"na getməsini ilk səhv hesab edir. Gevorqyanın fikrincə, ikinci səhv isə Paşinyan və komandasının Qarabağ məsələsinin detallarını ictimaiyyətdən gizlətməsi və barışıq üçün ictimai rəy hazırlamamasıdır.

Gevorqyan baş nazirin strateji tərəfdaş məsələsində düzgün seçim edə bilmədiyini də düşünür. Buraya Qərbin bəzi ani vədlərinə görə, Rusiya ilə illərdir qurulmuş münasibətlərin soyuması daxildir: "Paşinyan və onun komandası Ermənistandakı Rusiyapərəst düşüncəli işgüzar elitanın imkanlarını məhdudlaşdırmağa, onları "köhnə hakimiyyətin şəriki" kimi qələmə verməyə başladı, paralel olaraq Qərb tərəfdaşları hökumət üçün maliyyə yastıqları yaratdılar".

Bütövlükdə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir. Görünən budur ki, işğal siyasətinin qurbanı olan bu ölkə üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan"

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr