AZ

Getdikcə daha çox sahibkarın uğur yolu KOB evindən keçir

İlin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB evlərində sahibkarlara göstərilən xidmətlərin sayı 260 minə yaxın olub. Bu rəqəmi ölkədə sahibkarlığın inkişafına göstərilən növbəti diqqət və dəstək kimi qiymətləndirmək də mümkündür. 

Qeyd edək ki, KOB evləri konsepsiyası  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə sahibkarlıq subyektlərinə "bir pəncərə" prinsipi əsasında çoxsaylı dövlət və qeyri-dövlət xidmətlərinin operativ şəkildə göstərilməsini təmin etmək üçün yaradılıb. Mərkəzlərdə vergi, gömrük, bank, hüquqi məsləhət, lisenziyalaşdırma, dövlət qeydiyyatı, kadr hazırlığı və digər istiqamətlərdə xidmətlər vahid məkanda təqdim olunur. KOBİA-nın məlumatına  görə, bu ilin 6 ayında həmin xidmətlərin 170 minə yaxını "Bakı KOB evi"nin, 54 minə yaxını "Yevlax KOB evi"nin, 34 minə yaxını isə "Xaçmaz KOB evi" və onun Xudat şəhərindəki xidmət mərkəzinin payına düşüb. Xidmətlərin 232 mindən çoxu dövlət ("G2B"), 24 mindən çoxu isə biznes qurumları ("B2B") tərəfindən həyata keçirilib ki, bu da sahibkarlara həm vaxtlarına, həm də resurslarına qənaət etməyə imkan verib. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, kommunal xidmətlər və s. üçün müraciət ediblər. 

Statistik rəqəmlərdən yola çıxaraq deyə bilərik ki, ilin birinci yarısında təqdim olunan xidmətlərin sayının artması bir neçə amillə bağlıdır. Bunlardan biri sahibkarlar arasında KOB evlərinin fəaliyyətinə olan inamın yüksəlməsi, digəri bu mərkəzlərin sayının və funksionallığının genişləndirilməsidir. KOB evlərində göstərilən xidmətlərin keyfiyyəti və çevikliyi də sahibkarlar tərəfindən yüksək qiymətləndirilir. Burada fəaliyyət göstərən əməkdaşlar müraciətləri fərdi qaydada araşdırır, sahibkarlara konkret ehtiyaclarına uyğun məsləhətlər verir və zəruri hallarda dövlət qurumları ilə əlaqələndirici funksiyanı yerinə yetirirlər. KOBİA-nın məlumatında  bu faktla bağlı qeyd olunub ki, sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.

KOB evlərində sahibkarlığın dəstəklənməsi yalnız xidmətlərin təqdimatı ilə məhdudlaşmır. Burada onlar üçün müxtəlif təlimlər, seminarlar, maarifləndirici tədbirlər də təşkil olunur. Həmin tədbirlər  həm sahibkarların bilik və bacarıqlarını artırır, həm də dövlətin təqdim etdiyi güzəşt və proqramlarla onları daha yaxından tanış edir. Üstəlik bu tədbirlər sahibkarlar arasında qarşılıqlı təcrübə mübadiləsinə və potensial əməkdaşlıqlara şərait yaradır. Ona görə də KOB evlərinə əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradan vahid məkan, daha doğrusu, vacib  platforma desək, yanılmarıq. Burada keçirilən görüşlər və təlimlər yeni tərəfdaşlıqların, eləcə də birgə layihələrin formalaşmasına stimul verir. 

KOB evləri həmçinin regionlarda sahibkarlığın inkişafına töhfə verən bir infrastruktur elementi kimi çıxış edir. Regionlarda fəaliyyət göstərən bisnes strukturları üçün birbaşa və operativ xidmətlərə çıxış imkanı yaradan bu evlər iqtisadi fəallığın bölgələrə yayılmasını və yerli potensialın üzə çıxarılmasını dəstəkləyir. Söz düşmüşkən qeyd edək ki, Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 400-dən çox "G2B"  və "B2B"  tipli xidmətlər təqdim olunur. Bu da öz növbəsində sahibkarlara həm vaxtlarına və resurslarına qənaət etmələrinə, həm də fəaliyyətlərini daha səmərəli və şəffaf şəkildə qurmalarına imkan verir. Bu baxımdan təkcə 6 ayda 260 minə yaxın xidmətin göstərilməsi yalnız statistik rəqəm deyil, həmçinin yüzlərlə sahibkarın işinin asanlaşmasıdır. Başqa sözlə, sahibkarların dövlət qurumlarına müraciət prosesinin sadələşməsi, bürokratik əngəllərin minimuma enməsi və xidmətlərə çıxış müddətinin qısalmasıdır. Mərkəzlərə yaxınlıq, xidmətlərin əlçatanlığı və eyni məkanda bir çox qurumun cəmləşməsi həm də xüsusən bölgələrdə fəaliyyət göstərən sahibkarların imkanlarını artırır, onları innovativ yanaşmalara və rəqabətqabiliyyətli məhsul istehsalına həvəsləndirir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr