AZ

Azərbaycanın başlatdığı sülh prosesi bəhrəsini verir

Tərəflər heç bir vasitəçiyə ehtiyac görmədən ikitərəfli danışıqlar apardılar

"Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək".

Ötən il fevralın 14-də keçirilən inaqurasiya mərasimindəki çıxışında  Prezident İlham Əliyevin bəyan etdiyi kimi,  Bakının həyata keçirdiyi qətiyyətli siyasət sayəsində üç onillik boyu bölgədə yaşanan münaqişəyə son qoyulub. Vasitəçilər tərəfindən düz 25 il sürdürülən, amma heç bir nəticə əldə edilməyən mənasız danışıqlara yekun vurulub. Azərbaycanın qətiyyəti, gücü sayəsində "Qarabağ münaqişəsi" birdəfəlik həll edilib, regionda yeni reallıqlar yaranıb və davamlı sülh üçün mühüm zəmin formalaşıb. 

44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində torpaqlarını işğaldan azad edən və suverenliyini tam təmin edən Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində də praktiki və effektiv addımlar atıb. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra rəsmi Bakı İrəvana təkmil sülh modeli irəli sürüb.   

Ötən müddətdə Azərbaycan-Ermənistan normallaşma prosesinin yalnız tərəflər arasında nizamlanması, üçüncü tərəflərə lüzum görülmədən həyata keçirilməsi xüsusi diqqət çəkir.

Faktdır ki, həm münaqişə, həm də postmünaqişə dövründə məhz tərəflər arasında vasitəçilik etmək istəyən dairələrin qərəzli mövqe sərgiləmələri Ermənistan-Azərbaycan arasında barışın əldə olunmasına birbaşa əngəl yaradan faktorlardan olub. 

Bu mənada Azərbaycanın səyləri ilə iki ölkə arasında artıq ikitərəfli danışıqlar aparılması mühüm irəliləyiş kimi dəyərləndirilməlidir. 

Normallaşma istiqamətində mühüm addımlar atılır

Vurğuladığımız kimi, Azərbaycanın bölgədə yaratdığı gerçəklərdən biri də İkinci Qarabağ müharibəsinə qədər düşmən olan ölkələrin aralarında olan problemləri, məsələləri dialoq yolu ilə çözməyə üstünlük verilməsidir.  

Hələ 2023-cü ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatı birgə açıqlama yaymışdılar: "Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir". 

Açıqlamada o da qeyd olunur ki, Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.

Ötən il Ermənistan ilə Azərbaycan arasında sülh istiqamətində xeyli vacib addımlar atıldı. Vasitəçilərə ehtiyac görmədən iki ölkə dialoqlara başladı, razılaşmalar əldə edildi. 2024-cü ilin fevralında Almaniyada Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın görüşü zamanı sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələr aparıldı. Həmin ilin fevralında Berlində Ermənistan ilə Azərbaycan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirildi. 

2024-cü ilin 10-11 mayında Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparıldı. 

Tərəflər arasında birbaşa danışıqların aparılması sülh sazişinin imzalanması ilə bağlı real müstəvidə də mühüm nəticələrə nail olunmasına gətirib çıxardı. Belə ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə artıq start verildi, sərhəd dirəklərinin quraşdırılmasına başlanıldı. Qazax rayonunun işğal altında olan kəndləri - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri qaytarıldı. 

Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.

Sülh və dövlətlərarası münasibətlərin qurulması

Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesinin yekunlaşması normallaşma istiqamətində vacib əhəmiyyət daşıyır.

Bu il martın 13-də Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşması barədə hər iki ölkənin rəsmiləri məlumat verdilər. Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair yaydığı bəyanatda deyilir ki, iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq: "İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq". 

Vurğulayaq ki, Azərbaycanın səyləri ilə əldə olunan bu müsbət irəliləyişlər beynəlxalq ictimaiyyət tərəfindən də alqışlanır. 

İkitərəfli görüş sülh gündəliyinin irəliləməsində mühüm rol oynayacaq 

Bu il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də sülh prosesində vacib məqam kimi qiymətləndirilməlidir. Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü sülh gündəliyinin irəliləməsi baxımından mühüm əhəmiyyətə malik olacaq. Sözügedən mühüm görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşmalar əldə edilib.  

Azərbaycan Xarici İşlər Nazirliyinin Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi şəhərində keçirilmiş görüşün yekunlarına dair mətbuat məlumatında da vurğulanır ki, görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. 

İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. 

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. 

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Rəsmi Bakı hər zaman sülh gündəliyinə sadiqlik nümayiş etdirir və regionda barışın əldə olunması üçün aktiv fəaliyyət göstərir. Sülh təşəbbüsünün müəllifi olan Azərbaycan müqavilənin imzalanması üçün beynəlxalq hüquqa dayanan şərtlərini də qətiyyətlə bildirib. Ermənistan Azərbaycan ərazilərinə iddia olan konstitusiyasını dəyişdirməli və ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı ölkəmizlə birgə müraciət etməlidir. Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddiaları yer alır. Həmçinin dünyada artıq Qarabağ münaqişəsi adlı bir münaqişə mövcud olmadığı üçün ATƏT-in keçmiş Minsk qrupuna da ehtiyac yoxdur və sadəcə ölü qurumun de-yuri ləğvi lazımdır. 

Bütün bunlardan sonra bölgədə birbaşa təhlükəsizliyin, inkişafın, tərəqqinin açarı olan sülh müqaviləsinin imzalanması üçün heç bir əngəl qalmayacaq. 

Ermənistan ilə Azərbaycan arasında normallaşma istiqamətində müşahidə edilən müsbət irəliləyişlər, əldə olunan razılaşmalar, həmçinin Fransa, Rusiya və digər kənar vasitəçilərə ehtiyac görmədən ikitərəfli danışıqların aparılması isə onu göstərir ki, Azərbaycanın başlatdığı sülh prosesi addım-addım məntiqi sonluğuna yetişir. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr