AZ

Süni zəka xərçəngə qarşı dərman hazırlayıb

“Alphabet” şirkətinə məxsus “Isomorphic Labs” müəssisəsi xərçəng xəstəliyinə qarşı dərmanın insanlar üzərində klinik sınaqlarına hazırlaşdığını elan edib. Bu dərman “DeepMind”ın “AlphaFold 3” paketindən istifadə edilməklə hazırlanıb. Uzunmüddətli perspektivdə bu texnologiyanın, bir düymə ilə bütün xəstəliklərə qarşı dərman tapmaq üçün universal vasitəyə çevriləcəyi vəd olunur.

“AlphaFold” zülalların üçölçülü strukturunu proqnozlaşdırmaq məqsədilə hazırlanıb. Zülallar, molekulyar tərkibindən asılı olaraq, mürəkkəb formalar şəklində qatlanmağa meyillidir. İnsan toxumalarının canlı hüceyrələri yalnız uyğun struktura malik zülallarla qarşılıqlı təsirə girə bilər. Bu uyğunluq, kimyəvi birləşmələrin insan orqanizminə dərman kimi təsir etməsinin əsas şərtidir. Elmə milyonlarla zülal məlumdur, lakin onların ümumi sayı 100 milyonlarla ölçülür ki, bu da adi şəraitdə onillərlə zəhmətli iş tələb edir. Süni zəka isə bu problemi cəmi bir neçə aya həll etməyə qadirdir.

“Isomorphic Labs” 2021-ci ildə “DeepMind”dan ayrılaraq yaradıldı. Şirkət “AlphaFold” layihəsini davam etdirərək, ayrı-ayrı zülal strukturlarının proqnozlaşdırılmasından zülalların digər molekullarla, məsələn, DNT və dərman preparatları ilə qarşılıqlı təsir proseslərinin modelləşdirilməsinə keçdi. 2024-cü ildə “AlphaFold 3” paketi təqdim edildikdən sonra “Isomorphic Labs” əczaçılıq şirkətləri olan Novartis və Eli Lilly ilə genişmiqyaslı elmi-tədqiqat əməkdaşlığına dair razılaşma imzaladı. Bir il sonra, 2025-ci ilin aprelində “Isomorphic Labs” tarixində ilk xarici maliyyələşdirmə raundunda “Thrive Capital” rəhbərliyi ilə 600 milyon dollar investisiya cəlb etdi. Bu razılaşmalar “Isomorphic Labs” şirkətinin “dünya səviyyəli dərman hazırlama mühərriki” yaratmaq planının bir hissəsidir. Bu sistem süni zəka sahəsində çalışan tədqiqatçıları və əczaçılıq sahəsində təcrübəli mütəxəssisləri bir araya gətirərək yeni dərmanların daha sürətli, daha ucuz və daha yüksək uğur ehtimalı ilə hazırlanmasını hədəfləyir. Adətən, hətta klinik sınaqlardan sonra belə, yeni dərmanların istehsalata daxil olma ehtimalı təxminən 10 faiz təşkil edir. Süni zəka isə bu ehtimalı 100% uğurla artırmağı vəd edir. Şirkət böyük əczaçı şirkətlərlə imzalanmış razılaşmalar çərçivəsində həm mövcud dərman proqramlarını dəstəkləyir, həm də onkologiya və immunologiya sahələrində klinik sınaqlardan sonra lisenziyalaşdırmaq məqsədilə öz namizəd preparatlarını hazırlayır.

 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
6
azerbaijan-news.az

1Mənbələr