AZ

Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...


Adil Qeybulla: “Qidalarda kanserogen maddələrin olması, insanların az hərəkət etməsi bu xəstəliyin əsasını təşkil edir”

Azərbaycanda xərçəng xəstələrinin sayı sürətlə artır. Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub.

Məlumata əsasən, onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub.

Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.

Açıqlanan rəqəmlərdən də bəlli olur ki, xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı ildən-ilə artır.

“Azərbaycanda qadınlar arasında süd vəzi, yumurtalıq, kişilərdə isə ağ ciyər və mədə xərçənginə tutulma halı daha çoxdur”

Professor Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu xəstəlik bütün dünyada artmaqdadır: “Xərçəng hüceyrələri deyilən atipik hüceyrələr bizim orqanizmdə daim yaranır, bədəndən xaric edilir. Bu xəstəliyə qlobal bir problem kimi baxmaq lazımdır. Bu gün həddindən artıq qidalanma, zərərli vərdişlərin, oturaq həyat tərzinin artması, insanların hədsiz dərəcədə tənbəlləşməsi sağlamlığa ciddi ziyan vurur. Bunları normallaşdırmaq üçün çox ciddi proqrama ehtiyac var. Qadınlar arasında siqaret, kişilərdə isə alkoqoldan istifadə halları çoxalıb. Bütün bunlarla yanaşı, oturaq həyat tərzi və ekoloji amillər öncə stressin, daha sonra isə xərçəng xəstəliyinin yaranması ilə nəticələnir. Bu gün bütün dünyada konservləşmiş qidaların, fast-foodların istifadəsi insanların çəkisini artırır. Həddən artıq çəkiyə malik olmaq isə ürək üçün böyük risqdir. Həmçinin maddələr mübadiləsi pozulur. Qidalarda kanserogen maddələrin olması, insanların az hərəkət etməsi bu xəstəliyin əsasını təşkil edir. Danılmaz faktdır ki, qidaların böyük əksəriyyətinin keyfiyyəti aşağıdır. Oturaq həyat tərzi, keyfiyyətsiz yemək, az hərəkət etmək xərçəng xəstəliyinin yaranması üçün də şərait yaradır. Stress xərçəng xəstəliyinin yaranması ilə nəticələnir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzi, yumurtalıq, kişilərdə isə ağ ciyər və mədə xərçənginə tutulma halı daha çoxdur”.

Günel CƏLİLOVA

Seçilən
26
40
baki-xeber.com

10Mənbələr