AZ

Əliyevlə Paşinyan Əbu-Dabidə konkret nələri razılaşa bildilər?...


Əli Orucov: “İndi sülh üçün ən münasib vaxtdır”

“Ermənistan hakimiyyəti prosesi uzatmağın mənasız olduğunun fərqindədir və...”

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib. Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin isə görüşün yekunlarına dair məlumatında deyilir ki, Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib: “İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər”.
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər” açıqlamasında görüşlə bağlı ilkin təəssüratın müsbət olduğunu qeyd etdi: “Hiss olunur ki, görüş konstruktiv atmosferdə keçib. Bəlli olur ki, Ermənistan hakimiyyəti prosesi uzatmağın mənasız olduğunun fərqindədir və bir sıra addımların atılmasında maraqlı görünür. Bu qənaətə gəlməyə o əsas verir ki, vacib məsələlərlə bağlı nümayəndə heyəti də bir araya gəlib. Yəni Əliyevlə Paşinyanın Əbu-Dabidə baş tutan görüşündə iştirak edən nümayəndə heyətinin tərkibi gündəmin nə olduğunu anlamağa imkan verir. Xüsusən bu, tərəflərin nə dərəcədə məsələyə ciddi yanaşdıqlarını sübut edir. Bu, o qənaətə gəlməyə əsas verir ki, həm sərhəd, həm dəhliz, həm sülh sazişinin maddələri, həm konstitusiyanın dəyişdirilməsi, Minsk Qrupunun buraxılması kompleks şəkildə müzakirə edilib. Digər müsbət hal odur ki, tərəflər vasitəçi olmadan birbaşa danışığa üstünlük verdilər. Birləşmiş Ərəb Əmirliyi bu baxımdan ən uyğun neytral dövlətdir. Çünki BƏƏ bu məsələdə tərəf deyil və hər iki dövlətlə yaxşı münasibətlərə malikdir. Ən nəhayət indi sülh üçün ən münasib vaxtdır. Çünki Rusiya praktiki olaraq sülhü pozmaq gücündə deyil. Sabah bilmirik nə olacaq. Ona görə də hər iki tərəf, xüsusən də Ermənistan bu fürsəti maksimum dəyərləndirməlidir”.
Vidadi ORDAHALLI

Seçilən
14
50
baki-xeber.com

10Mənbələr