Hazırda kənd təsərrüfatı məhsulları ilə bağlı ən böyük problemlərdən biri tarladan süfrəyə qədər olan yolda yaranan süni qiymət fərqləridir. Məsələn, fermerin yetişdirdiyi qarpızı sahədə 5 qəpiyə satmağa alıcı tapmaması, Bakıda isə 10 qat baha – 50 qəpiyə satılması, istehsalçı ilə istehlakçı arasında ciddi istismar zəncirinin mövcudluğunu göstərir.
Azərbaycanda kənd təsərrüfatı məhsullarında tarladan bazara qədər yaranan bu kəskin qiymət fərqinin əsas səbəbi nədir? Alverçi şəbəkəsinin təsirini azaltmaq üçün hansı real mexanizmlər tətbiq oluna bilər?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev bildirib ki, fermerin 5 qəpiyə sata bilmədiyi qarpızın paytaxtda 10 dəfə baha qiymətə satılması vəziyyətin ciddiliyini göstərir.
Onun sözlərinə görə, bu vəziyyətdən qazanan istehsalçı ilə istehlakçı arasında olan vasitəçi qurumlardır:
“Çünki fermerin birbaşa bazara çıxmaq imkanı yoxdur. Bazarda fermerin məhsul sata biləcəyi piştaxta olmadığı üçün o, məcbur qalır məhsulunu sahədə 5 qəpiyə versin. Elə bir şərait yaradılmayıb ki, fermer öz istehsal etdiyi məhsulu birbaşa hansısa bazarda alıcıya təqdim edə bilsin. Bazarlar xüsusi şəxslərin nəzarətindədir. Həmin adamlar da alverçilərdən gündəlik yer pulu alır. Onlar üçün maraqlı olan stabillik və davamlı gəlirdir. Fermer isə məhsulunu bir günə satıb gedir, sabah həmin yer boş qalır. Bu da bazara nəzarət edən şəxslərə sərf etmir”.
Mütəxəssis hesab edir ki, mövcud problemin başqa həlli yolları mümkündür:
“İsraildə fermer yalnız istehsalla məşğul olur, satış isə fermerlik sayılmır. Dövlət tərəfindən müəyyən edilmiş xüsusi şirkət məhsulu sahədə fermerdən münasib qiymətə alır və satış prosesi həmin şirkətin öhdəliyinə keçir. Amma onu 5 qəpiyə almır. Satılacaq məhsulun qiyməti nədirsə, onun ən azı 50 faizi fermerə çatır. Bir çox hallarda bu rəqəm daha da yüksək olur. Məhsulun daşınması, yol və digər xərclər isə artıq dövlətə qalan hissədən qarşılanır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta